12 mart 2025 08:32
111

Yolun sonu göründü

ABŞ USAID-in proqramlarının 83 faizini rəsmən bağlayır

Bu günlərdə Ağ Ev ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dünya üzrə maliyyələşdirdiyi bəzi bədnam biabırçı layihələr haqqında məlumat yaymışdı. Yayılan məlumatdan aydın olub ki, təşkilat Əfqanıstanda irriqasiya kanallarının yaradılması və kübrənin alınması  (bu sistem narkotik istehsalında daha çox istifadə olunub), “Əl-Qaidə” terror təşkilatı üçün 10 min porsiya yemək alınması, Kolumbiyada transgender operası, Peruda transgender komikslərin, İrlandiyada LGBT myuzikl, Serbiyada işçi kollektivlərdə və işgüzar dairələrdə bərabərliyin və inklyüzivliyin irəliləməsi (1.5 milyon dollar), Qvatemallada cinsin dəyişdirilməsi və LGBT fəallığa 2 milyon dollar, inkişaf edən ölkələrdə personallaşdırılmış kontraseptivlərin (hamiləlik əleyhinə həblər-estrogen və progesteron tərkibli hormonal həblər) maliyyələşdirilməsini həyata keçirib.

USAID-i bioloji silahların hazırlanmasında, xüsusilə də COVID-19-un yaradılmasında iştirak etməkdə ittiham edən “Tesla”, “SpaceX” şirkətlərinin və “X” sosial şəbəkəsinin sahibi İlon Mask daha əvvəl bildirmişdi ki, ABŞ-ın icra hakimiyyəti orqanları “Politico”, “The New York Times” qəzetlərinə və “Associated Press” informasiya agentliyinə abunəliyin ödənişini dayandırır. Amerikalı iş adamı birbaşa USAID-i Amerikaya nifrət edən radikal solçu marksistlərin yuvası adlandırıb. 

USAID-in vəsaitlərindən ən çox faydalanan ölkələrdən biri, bəlkə də də birincisi Ermənistan olub. Bu təşkilat 1992-ci ildən Ermənistanda fəaliyyətə başlayıb və 2005-ci ilə qədər yalnız humanitar yardım göstərib. Qurum dövlətlə birbaşa əməkdaşlığa isə 2013-cü ildən başlayıb. Ermənistanda media və təhsil proqramlarının hazırlanması ilə məşğul olan bir çox KİV və QHT ABŞ Dövlət Departamentindən layihələr üçün vəsait alıb. USAID 1992-ci ildən bu günə qədər Ermənistana təxminən 3,3 milyard dollar vəsait ayırıb.

Bir müddət əvvəl Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirmişdi ki, ABŞ hökuməti “Politico”ya illik dəyəri təxminən 8 milyon dollar olan abunəliyi ləğv edəcək. O, qeyd etmişdi ki, əslində, “Politico” Amerika vergi ödəyicilərinin hesabına subsidiyalaşdırılıb. İlon Maskın komandası da artıq qəzetə ödənişlərin ləğvi istiqamətində işə başlayıb. İndi İ.Maskın rəhbərlik etdiyi idarə ABŞ federal orqanlarının digər KİV-lərə abunəlik xərclərinin yoxlanılmasına başlayıb. Yeri gəlmişkən, fevralın 26-da Donald Tramp administrasiyası USAID müqavilələrinin 92 faizini ləğv etmək niyyətində olduğunu açıqlamışdı. Ümumilikdə isə agentliyin fəaliyyəti fevralın 3-də dayandırılmışdı.

Zaman-zaman ayrı-ayrı ölkələrdə, müxtəlif bölgələrdə, eləcə də Cənubi Qafqazda xaos, vətəndaş qarşıdurması mexanizminin icraçısı olan USAID ilə bağlı gizlinlər getdikcə üzə çıxır. Artıq ABŞ altı həftəlik araşdırmadan sonra Beynəlxalq İnkişaf Agentliyinin proqramlarının 83 faizini rəsmən bağlayır. ABŞ Dövlət katibi Marko Rubio sosial şəbəkədə bununla bağlı paylaşım edib. Marko Rubio bildirib ki, USAID proqramlarının əksəriyyəti ABŞ-ın maraqlarına xidmət etməyən məqsədlərə on milyardlarla dollar xərcləyib: “Altı həftəlik araşdırmadan sonra biz USAİD-də proqramların 83 faizini rəsmi olaraq bağlayırıq. Hazırda bağlanan 5200 müqavilə on milyardlarla dollar ABŞ-ın əsas milli maraqlarına xidmət etməyən və bəzən hətta zərər vuran layihələrə xərclənib”.  O, həmçinin qeyd edib ki, qalan 1000-ə yaxın proqram indi Dövlət Departamentinin nəzarəti altında daha effektiv şəkildə həyata keçirilməlidir.

Zahid Rza, “İki sahil”