25 aprel 2026 18:59
158

Azərbaycan-Ukrayna əlaqələrində yeni mərhələ - ŞƏRH

Azərbaycan ikitərəfli əlaqələrdə humanitar sahənin inkişafına öz töhfəsini verir

Azərbaycanın xarici siyasət strategiyasında dövlətimizin gücünü təcəssüm etdirən mühüm istiqamətlərdən biri humanitar diplomatiyadır. Bu, ölkəmizin humanist mövqeyini açıq şəkildə nümayiş etdirir. Belə ki, Azərbaycan hər zaman yardıma ehtiyac duyan, çətin duruma düşən ölkələrin yanında olub. Rəsmi Bakı Afrikadan Asiyaya, Avropadan Latın Amerikasına qədər müxtəlif regionlarda humanitar təşəbbüsləri ilə fərqlənib. Bunu Ukraynada baş verən hadisələr fonunda da görə bilərik. Hətta deyə bilərik ki, Azərbaycanın humanizm prinsiplərinə sadiqliyi Ukrayna böhranında özünü daha qabarıq şəkildə göstərir. Ukraynadan olan 500-dən artıq uşaqın reabilitasiya proqramlarının həyata keçirilməsini buna misal göstərmək olar. Yeri gəlmişkən, bu çərçivədə bir sıra humanitar layihələr həyata keçirilib və Ukrayna uşaqlarının mütəmadi olaraq Azərbaycana gəlməsi bu prosesə müsbət töhfə verib.

Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstək enerji, həmçinin səhiyyə sahələrini də əhatə edir. Göründüyü kimi, göndərilən humanitar yüklər sırf gündəlik həyatın bərpasına, insanların ən zəruri ehtiyaclarının ödənilməsinə xidmət edir. Şübhəsiz, bu da insanların gündəlik həyatının normallaşmasına xidmət edir. SOCAR-ın Ukraynada yanacaqdoldurma məntəqələrinin fəaliyyəti də ikitərəfli biznes əlaqələrinin inkişafına mühüm töhfə verir. Yeri gəlmişkən, aprelin 25-də Qəbələdə Prezident İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuata bəyanatında bildirib ki, SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, - eyni zamanda, çox gözəl perspektivlər, birgə layihələr var. Volodimir Zelenski isə öz növbəsində çox ağır bir dövrdə Azərbaycandan 11 yardım paketini aldıqlarını vurğulayıb. Xatırladaq ki, bu günədək Azərbaycanın Ukraynaya göstərdiyi ümumi humanitar dəstəyin, o cümlədən bərpa və yenidənqurma yönümlü yardımların dəyəri 45 milyon dolları ötüb. Bir faktı da qeyd edək ki, SOCAR müharibə dönəmində Ukraynada sosial və mədəni layihələrin inkişafına 7 milyon dollara yaxın sərmayə qoyub.

Şübhəsiz, bu kimi humanitar təşəbbüslər Azərbaycan-Ukrayna əlaqələrinin möhkəmlənməsinə, əməkdaşlığın yeni mərhələyə qədəm qoymasına geniş imkanlar açır. Bu həm də ölkəmizin mehriban və qarşılıqlı hörmətə əsaslanan siyasətini, ölkəmizin sülhə və əmin-amanlığa sadiqliyini bir daha təsdiqləyir. Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi başlayandan Azərbaycan dəfələrlə Ukraynaya humanitar yardım göndərib və bu yardım hazırda da davam edir. Ukrayna rəsmiləri də dəfələrlə Azərbaycana humanitar yardımlara görə təşəkkürlərini bildiriblər. Təşəkkürlərin ifadə olunması isə təkcə diplomatik nəzakət yox, eyni zamanda Azərbaycanın humanitar siyasətinə hörmət kimi dəyərləndirmək olar.  Beynəlxalq qurumların nümayəndələri də mötəbər tədbirlərdə Azərbaycanın humanitar siyasətini, böhranlı zamanlarda dövlətimizin təmannasız yardımlarını çox yüksək qiymətləndirirlər.

Bütün bunlarla yanaşı, mina təmizlənməsi sahəsində Azərbaycan təcrübəsinin bölüşülməsi və müvafiq əməkdaşlığın inkişafı da gündəmdədir. İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri Azərbaycanın bu sahədə formalaşdırdığı unikal təcrübəni daha da aktuallaşdırır.

Yeri gəlmişkən qeyd edək ki, bütün öllələrin ərazi bütövlüyünün və suverenliyinin tərəfdarı olan, ərazi bütövlüyünün pozulmasından onillər əziyyət çəkən Azərbaycan Ukrayna ilə Rusiya arasında münaqişədə hər hansı bir formada iştirak etmir, hərbi komponentlərdən tamamilə uzaqdır. Azərbaycan bu müharibınin iki dövlət arasında qarşılıqlı dialoq və anlaşma şəraitində həllinin tərəfdarıdır. Bu mənada Azərbaycan regionun diplomatik paytaxtı olaraq, münaqişəyə hər hansı subyektiv baxışı olmayan ölkə kimi gələcəkdə bu münaqişənin sülh yolu ilə həlli üçün platforma rolunu oynaya bilər.

Qeyd edək ki, Azərbaycanla Ukrayna arasında diplomatik əlaqələr 31 yanvar 1992-ci ildə yaradılıb. 1996-cı ildə Ukraynanın Azərbaycanda, 1997-ci ildə isə Azərbaycanın Ukraynada səfirliyi açılıb.

Qvami Məhəbbətoğlu, “İki sahil”