11 mart 2025 08:00
139

Avropa ABŞ silahından daha çox asılı vəziyyətdədir

Son beş ildə Avropa ABŞ-dan əhəmiyyətli dərəcədə çox silah alıb. 2020-2024-cü illərdə alınan silahların yarıdan çoxu ABŞ istehsalıdır.

“İki sahil” “NU.nl” internet qəzetinə istinadla xəbər verir ki, bunu beynəlxalq təhlükəsizlik və silah ticarəti sahəsində tədqiqatlar aparan İsveçin SIPRI mərkəzinin araşdırmaları sübut edir. ABŞ-dan Avropaya silah ixracı üç dəfədən çox artıb.

“SIPRI” mərkəzinin tədqiqatçısı Piter Vezemanın fikincə, NATO üzvü olan Avropa dövlətləri öz müdafiə sənayelərini gücləndirmək üçün addımlar atır. Beləliklə, onlar ABŞ-dan asılılıqlarını maksimum azaldaraq, daha müstəqil olmaq istəyirlər.

Son illər ABŞ-dan idxal kifayət qədər artıb. Bu, 2015-2019-cu illərlə müqayisədə 233 faiz daha çoxdur. Bundan başqa, ABŞ-ın silah şirkətlərinin dünya silah ixracatındakı payı 35 faizdən 43 faizə yüksəlib.

Son beş ildə Ukrayna ən böyük silah idxalçısına çevrilib. Qlobal silah idxalının 8,8 faizi bu ölkənin payına düşür. İdxal həcmi 2020-ci ildən əvvəlki beş illə müqayisədə demək olar ki, yüz dəfə artıb. Ukraynanın əsas silahlarının 45 faizi ABŞ-dan gəlib.