Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Bulud” hotelinin açılışında iştirak edib.
“İki sahil” xəbər verir ki, Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Ümumi sahəsi 5325 kvadratmetr olan hotel beş mərtəbədən ibarətdir. Hoteldə 45 nömrə var və 91 qonaq qəbul edə biləcək. Müasir iaşə məkanlarının yaradıldığı hoteldə “Lobby lounge”, kafe, açıq və qapalı restoranlar fəaliyyət göstərəcək.
Hoteldə 50 nəfər işlə təmin olunub.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərimiz tarixi-mədəni abidələrlə yanaşı, füsunkar təbiətə, yeraltı və yerüstü sərvətlərə, geniş turizm imkanlarına malikdir. Bölgədə müalicəvi turizm, istirahət turizmi, ekoturizm və turizmin digər növlərinin inkişaf etdirilməsi üçün böyük imkanlar var. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulan əsas prioritetlərdən biri də məhz bu bölgədə turizmin müxtəlif növlərinin inkişafı üçün zəruri təminatların yaradılmasıdır. Artıq son illər bu istiqamətdə genişmiqyaslı işlər görülür. Füzuli və Zəngilanda yaradılan, Laçında tikintisi davam edən beynəlxalq hava limanları, inşa olunan müasir hotellər və həyata keçirilən digər infrastruktur layihələri azad olunan ərazilərimizin turizm potensialının reallaşmasında, turistlərin bu bölgələrə cəlb edilməsində mühüm rol oynayacaq.
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır