18 yanvar 2025 08:09
81

Keçmiş məcburi köçkün: Böyük sevinc və qürur hissi ilə Cəbrayıla qayıdırıq

Gənc yaşlarımın gözəl günlərini Cəbrayılda yaşadım. İşğal nəticəsində məcbur Bakıya köçməli olduq. İndi isə böyük sevinc və qürur hissi ilə illərdir xəyallarımda yaşatdığım doğma ocağımıza qayıdırıq.

“İki sahil” xəbər verir ki, bu sözləri Cəbrayıl şəhərinə yola salınan keçmiş məcburi köçkün Amalxan Muradov deyib.

“Azərbaycanın hər diyarı sərvətdir, gözəl guşədir. Lakin Cəbrayıl şəhəri mənim üçün daha doğmadır. Hər kəsə xəyal kimi görünənlər artıq gerçəkliyə çevrildi. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımız igidlik və şücaət göstərərək döyüş meydanında düşmənə diz çökdürdü. Müzəffər Ordumuzun əsgərlərinin mərdliyi və dəyanəti dillərə dastan oldu. Qalan ömrümü də doğma elimdə keçirmək istəyirəm. Allahdan arzum bu böyük qayıdışı gözləyən digər keçmiş məcburi köçkünlər də yaşasın”, - deyə Cəbrayıl sakini bildirib.

Sakin Prezidentimizə minnətdarlığını ifadə edərək şəhidlərimizə rəhmət, ailələrinə səbir, qazilərimizə cansağlığı diləyib.