İşğaldan azad edilən digər ərazilərdə olduğu kimi, Ağdam rayonunda da genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir. Xarabalıqlar üzərində yeni, müasir Ağdam qurulur.
“İki sahil” xəbər verir ki, AZƏRTAC-ın bölgə müxbiri Ağdam şəhərində çoxmənzilli yaşayış binalarının tikildiyi ərazidə olub, görülən işlərlə maraqlanıb.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi bildirib ki, Ağdam şəhərində beş yaşayış məhəlləsinin tikintisi nəzərdə tutulur. 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci yaşayış məhəllələrində Baş plan üzrə söküntü və şaquli planlaşdırma işləri tamamlanıb. İkinci yaşayış məhəlləsində ötən ildən etibarən tikinti işlərinə başlanılıb. Hazırda 2-ci yaşayış məhəlləsi üzrə 11 kvartalda 66 binanın tikinti işləri davam etdirilir. Bu məhəllədə ümumilikdə 60 yaşayış, 6 qeyri yaşayış binası olmaqla, 1268 mənzilin inşası nəzərdə tutulur.
Layihə rəhbəri Nəbi Mansurov 2-ci yaşayış məhəlləsində görülən işlər barədə məlumat verib. Bildirib ki, hazırda 2-ci məhəllədə inşa olunan binaların bir çoxunda dəmir-beton konstruksiyaların quraşdırılması tamamlanıb, digərlərində sürətlə və yüksək keyfiyyətlə davam etdirilir. Bununla paralel olaraq xarici divarların hörgüsü, malyar və suvaq işləri də həyata keçirilir. Binalar 5,6,7 mərtəbəli olmaqla hər birində yeraltı qaraj inşa olunacaq, lift quraşdırılacaq. Yaşayış məhəlləsinin ərazisində qazanxana, uşaqlar üçün əyləncə mərkəzi, idman meydançaları da inşa olunacaq.