15 yanvar 2025 12:55
139

On Avropa ölkəsini təbii qazla təmin edən layihə - TANAP

İlham Şaban: TANAP layihəsinin ərsəyə gəlməsi nəticəsində Azərbaycanın böyük qaz ehtiyatlarının işlənməsi mümkün olub

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfələri ilbəil artmaqdadır. Ölkəmiz son illərdə bu məsələdə mühüm rol oynayır.  “Əsrin kontraktı”nın daha da səmərəli şərtlərlə 2050-ci ilə qədər uzadılması, Bakı-Tbilisi-Qars dəmir yolunun açılması, Cənub Qaz Dəhlizinin rəsmi açılışının keçirilməsi, eləcə də Trans-Anadolu Təbii Qaz Boru Kəməri Layihəsinin (TANAP) istismara verilməsi, enerji, neft-qaz sahəsində  nəhəng, iri miqyaslı layihələrin reallaşması ölkəmizin strateji əhəmiyyətini daha da artırıb. Azərbaycan nəinki öz xalqı, həm də qonşu ölkələr, bütövlükdə isə dünya üçün önəmli olan layihələr icra edir.

Azərbaycanın “Şahdəniz-2” yatağından çıxarılan təbii qaz TANAP-ın da yer aldığı Cənub Qaz Dəhlizinin son hissəsi olan Trans Adriatik Boru Kəməri (TAP) bağlantısı ilə Avropaya çataraq enerji təchizatı təhlükəsizliyinə töhfə verir. TANAP Azərbaycanın Avropa İttifaqı ilə mövcud iqtisadi və siyasi əməkdaşlığının inkişafına daha çox töhfǝ vermǝklǝ yanaşı, Azərbaycanı Türkiyənin ikinci ən böyük qaz tədarükçüsünǝ vǝ Avropa İttifaqının yeni tǝbii qaz tədarükçüsünǝ çevirib.

TANAP layihəsi ən strateji addımlardan biridir

TANAP Azərbaycandan İtaliyaya qədər uzanan 3500 kilometrlik Cənubi Qafqaz Boru Kəməri (CQBK) və Trans Adriatik Boru Kəməri ilə birlikdə Cənub Qaz Dəhlizinin ən mühüm hissəsidir. TANAP Avropa və Türkiyənin təbii qaz ehtiyatlarının müxtəlifliyinin artırılması ilə yanaşı, Türkiyəni enerji dəhlizinə çevirmək istiqamətində bugünə qədər atılmış ən strateji addımlardan biridir. TANAP tərəfdaşlıq strukturu SGC 51%, “SOCAR Türkiyə” 7%, BOTAŞ 30% və “BP Pipelines Limited” 12%-dən ibarətdir.

Məlumat üçün bildirək ki, ümumi tutumu 16 milyard kubmetr olan kəmərin ilk sınaq qazı 2018-ci il yanvarın 23-də 1,339 kilometrlik “Faza 0” hissəsində verilib. Kommersiya əməliyyatları isə 30 iyun 2018-ci il tarixində başlayıb. 15 iyun 2019-cu il tarixində 455 kilometr uzunluğunda Faza 1 hissəsi tamamlanıb, 1.811 km boru kəməri sistemi Avropaya qaz tədarükü üçün hazır vəziyyətə gətirilib. 31 dekabr 2020-ci tarixində etibarən ilk kommersiya qazı Avropaya çatdırıldı. Layihə ilə nəql edilən 16 milyard kubmetr təbii qazın 6 milyard kubmetr Eskişehir və Trakyadakı iki nöqtədən milli şəbəkəyə qoşularaq Türkiyədə istifadə olunur, 10 milyard kubmetr təbii qaz isə TAP vasitəsilə Avropaya çatdırılır. TANAP-ın Türkiyə-Yunanıstan sərhədində TAP ilə birləşməsindən sonra Azərbaycan qazı Albaniya və Adriatik dənizindən keçərək İtaliyaya çatır. 16 milyard kubmetr olan xəttin ötürmə qabiliyyətinin əlavə investisiyalarla 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.

TANAP regionun ən uzun (1.811 km) və ən böyük diametrli (56”) təbii qaz kəməridir. TANAP quruda 2.760 metr hündürlükdən, dənizdə isə 67.5 metr dərinliyə qədər uzanan marşrut üzərində tikilib.

Enerji məsələləri üzrə ekspert İlham Şaban TANAP-ın iqtisadi uğurlarını “İki sahil”ə şərh edərək bildirib ki, TANAP Azərbaycanın çox mühüm strateji əhəmiyyət daşıyan qaz ixrac kəməridir: “Bu kəmər məhz Azərbaycan və Türkiyənin birgə siyasi qərarı nəticəsində ərsəyə gəlib. Çox şadıq ki, ona Azərbaycanın neft-qaz hasilatında bir nömrəli tərəfdaşı olan BP şirkəti də qoşulub. Qısa müddətdə, yəni 2018-ci ilin 30 iyun tarixindən 31 dekabr 2024-cü il tarixinə olan məlumata görə, Azərbaycan qazını nəql edən TANAP vasitəsilə ümumi həcmi 73,54 milyard kubmetr olan təbii qaz daşınıb. Türkiyə üçün nəql edilən kommersiya qazının ümumi həcmi 30,80 milyard kubmetr, Avropa üçün nəql edilən kommersiya qazının ümumi həcmi 42,74 milyard kubmetr olub.”  

EKSPERT: Əgər TANAP olmasaydı hələ də “Şahdəniz 2” yatağının istismarı mümkün olmazdı

Ekspert qeyd edib ki, TANAP layihəsinin ərsəyə gəlməsi nəticəsində Azərbaycanın böyük qaz ehtiyatlarının işlənməsi mümkün olub: “Böyük qaz ehtiyatları dedikdə əvvəla “Şahdəniz 2” layihəsi və ondan sonra həyata keçirilən digər təbii qaz yataqlarının istismara verilməsi nəzərdə tutulur. Əgər TANAP olmasaydı hələ də “Şahdəniz 2” yatağının istismarı mümkün olmazdı. Təbii qazın istehsalı üçün ilk növbədə infrastrukturun olması vacib amildir. İnfrastruktur olduqda alıcı ilə müqavilə bağlamaq mümkün olur.

Ötən dövr göstərir ki, dövlətimiz nə qədər düzgün addım atıb

Avropada olan mövcud istifadəçilər isə o vaxt bu layihəyə yatırım qoymurdular. Azərbaycan hələ illər öncəsi bu riski gözə alaraq məsuliyyəti öz üzərinə götürdü və ötən dövr göstərir ki, dövlətimiz nə dərəcədə düzgün addım atıb. Bunun nəticəsində Azərbaycan bu gün artıq 12 ölkəyə qaz ixracatçısı qismində çıxış edir. Bu ölkələrin də 10-u Avropa ölkələridir. Bu cür nailiyyətlərin yükü məhz TANAP-ın üzərinə düşür. Çünki Cənub Qaz Dəhlizinin mərkəzi seqmenti, ən böyük seqmenti və ən əsası Avropaya istiqamətində inşa olunmuş ən yeni infrastrukturdur. Ümumilikdə isə Cənub Qaz Dəhlizi 3700 km məsafədə Xəzər sahillərindən İtaliyaya qədər uzanan bir layihədir. Bu layihənin ərsəyə gətirilməsi, fasiləsiz olaraq istismar edilməsi Azərbaycandan kənar, Azərbaycanın iştirakı ilə bizim ən böyük nailiyyətlərimizdəndir.”

Ümumilikdə bu qənaətə gəlmək olar ki, Azərbaycanın reallaşdırdığı Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən olan TANAP Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyini təmin edə biləcək və reallaşan layihədir. On Avropa ölkəsini təbii qazla təmin edən bu layihə regionda təhlükəsizliyin qarantı, zəmanəti və bölgəyə yeni investisiyaların gəlməsi üçün əməkdaşlıq formatıdır.

Orxan Vahidoğlu, “İki sahil”