14 yanvar 2025 20:10
164

Tramvay Bakıya qayıdır: Bu, yollarda sıxlığı  azaldacaqmı?..

Ekspert: Nəqliyyatla ən çox yüklənən zolaqlara tramvay xətlərinin çəkilməsi daha doğru olar

Bakını tıxacsız şəhər kimi görmək istəyiriksə, o zaman ictimai nəqliyyat mükəmməl olmalıdır. Çünki tıxacsız yolların açarı ictimai nəqliyyatın inkişaf etdirilməsindədir. Son günlər paytaxt yollarını tıxacdan qurtarmaq üçün irəli sürülən təkliflərdən biri də tramvay xətlərinin bərpası ilə bağlıdır. Hər dəfə tramvay mövzusu gündəmə gələndə dərhal “Bizim küçələrdə tramvay üçün yer yoxdur” və “Maşınlar üçün yer azdır, tramvay hara yerləşsin?”, “Bakıda metro var da, tramvayı neyləyirik?” tipli şərhlərə rast gəlmək olar.

Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında paytaxtda tramvay və metrobus ictimai nəqliyyat növlərinin yaradılması məsələsi əksini tapıb. Bu planda qeyd olunur ki, Bakıda infrastrukturun yenidən aktivləşdirilməsi və daha səmərəli istifadə olunması planlaşdırılır. Bunun nəticəsi olaraq tramvay – elektrik qatarı sisteminin tətbiqində mövcud və yenidən qurulan dəmir yolu infrastrukturunun imkanlarından istifadə oluna, həmçinin sürətli tramvay nəqliyyatı (STN) infrastrukturun genişlənməsi imkanı yarana bilər.

Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlarla bağlı keçirilən mətbuat konfransında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov qeyd edib ki, tramvay cari avtobuslardan fərqli olaraq kütləvi daşımalar üçün nəzərdə tutulur: "Bu gün Bakıda tramvay xəttinin inşasının faydalı ola biləcəyi ərazilər müəyyənləşdirilib”.

Rəhman Hümbətov vurğulayıb ki, ümumi baxsaq, şəhər mərkəzində insanların hərəkəti üçün ən səmərəli vasitə ilk növbədə metronu görürük: ”Prezidentin verdiyi tapşırığa uyğun olaraq metrostansiyaların yerləri və digər məsələlərlə bağlı planlar hazırlanıb. Bu istiqamətdə işlər gedir. İkinci məsələ insanların şəhər ətrafından mərkəzə və şəhər ətrafında hərəkətini təşkil etməkdir. Bu, həm də mövcud dəmir yolu xətləri ilə mümkündür. Dəmir yolu xətlərində sovet dövründə mövcud olmuş və hazırda müəyyən qədər modernizasiyasına ehtiyac olan hissələr var. Təkliflər ondan ibarətdir ki, onların da bərpa olunmasına ehtiyac var. Nəticədə həmin hissədə ehtiyac dəmir yolu vasitəsilə ödəniləcək. Metro stansiyaları ilə digər məntəqələr arasında avtobus daşımalarının daha effektiv olmasını düşünürük. Burada əlavə komponent tramvay xəttidir. Bizim metro və ya dəmir yolu imkanımızın olmadığı yerlərdə, məsələn, Mehdiabad istiqamətindən Azadlıq prospekti boyu Binəqədidən keçməklə 28 May metro stansiyası istiqamətində tramvay xəttinin çəkilməsi effekt verə bilər. İkinci belə istiqamətlərdən biri son dövrlərdə əsas cazibə mərkəzlərindən birinə çevrilən "Seebreze" zonasıdır. Hansı ki, əsasən bu bölgədə yenidən salınan bir bölgə kimi tramvay xəttinin inşası effektiv ola bilər. Bu istiqamətlərdə də araşdırmalarımız davam edir. Məqsəd yalnız hansısa nəqliyyat növünün inşası yox, mövcud resurslarımızın ən effektiv istifadəsinə yönəlməkdir. Tramvay xəttinin çəkilməsi üçün zonalar müəyyənləşdirilir və bu istiqamətdə işlərimiz davam edir".

İndiki  dövrdə ən çətin məsələ Bakıda tramvay xətlərinin haradan başlamalı olduğunu müəyyənləşdirməkdir. Bu xətləri haradan çəkməyə başlamaq lazımdır? Yeni çəkiləcək tramvay xətti nəqliyyatdakı sıxlığı aradan qaldıra bilərmi?

Ekspert: Metro xətti çəkilməyən ərazilərə tramvay və trolleybus xətlərinin çəkilməsinin alternativ olması daha yaxşı olar

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov  mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, hər bir nəqliyyat vasitəsinin şəhər nəqliyyatında özünəməxsus yeri var. Bu səbəbdən biz ayrı-seçkilik edə bilmərik ki, tramvay, yoxsa metro yaxşıdır. Doğrudur, metro insanları mənzil başına daha tez və çevik çatdırır. Ona görə də metro daha çox əlçatan, rəğbətlə qarşılanan, üstünlükləri yüksək olan nəqliyyat vasitəsidir. Amma metro çəkilməyən ərazilərə tramvay və trolleybus xəttinin çəkilməsinin alternativ olması, metro gedə bilməyən ərazilərə tramvay getməsi daha yaxşı olar. Bu da həmin ərazilərdən keçəcək, planda olan metro xəttinin çəkilişini ertələyə bilər.

Ekspertin sözlərinə görə, dünyanın metro olmayan minlərlə şəhəri var. Amma əvəzində həmin şəhərlərin tramvayı və trolleybusu var. Tramvayın o qədər daşınma kütləviliyi var ki, bəzi ölkələr onu yerüstü metroya bərabər tuturlar. Bu tramvayın üstünlüyü, əlavə prestijidir.

Aslan Əsədov əlavə etdi ki, tramvaylar vətəndaşlarda nostalji hisslər yaradır. Tramvay onlar üçün şəhər mədəniyyəti, şəhər mühitidir.

Tramvaylar ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi sayılır, atmosferə zərərli qazlar buraxmır…

Digər həmsöhbətimiz, nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov isə sözügedən mövzu ilə bağlı fikirlərini qəzetimizə şərh edərkən diqqətə çatdırdı ki, dövlət qurumlarında tramvay xətlərinin haradan keçməsi ilə bağlı artıq təxmini kontur cızılıb: “Zənnimcə, nəqliyyatla ən çox yüklənən yollara tramvay xətlərinin çəkilməsi daha doğru olar”.

Ekspertin sözlərinə görə, tramvay xətləri və tramvayın özü də dekorativ xarakter daşımamalı, potensiallı və rentabelli olmalı, əhalinin məskunlaşdığı ərazidən onların iş yerinə doğru çəkilməlidir.

Eldəniz Cəfərov tramvayın digər nəqliyyat vasitələrindən üstün cəhətlərindən danışarkən vurğuladı ki,  bu nəqliyyat  vasitəsinin üstün cəhəti ondan ibarətdir ki, o rels üzərindədir və maneəsi yoxdur. Bir nöqtədən digər nöqtəyə rahat hərəkət etmək olur, həmçinin daha çox sərnişin daşıya bilir. Tramvaylar ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi sayılır, atmosferə zərərli qazlar buraxmır, elektrik enerjisi ilə çalışır.

Həmsöhbətimiz qeyd etdi ki, tramvay xətləri bərpa olunacaqsa gediş haqqı ümumi ictimai nəqliyyatda tarif necədirsə, o tariflə də tənzimlənəcək. Tramvayların bərpası düşünürəm ki, qismən də olsa tıxacların azalmasına gətirib çıxara bilər.

Xatırladaq ki, 1924-cü il fevralın 8-də Bakıda ilk dəfə  tramvay xətti  istifadəyə verilib. Paytaxtın sosial-iqtisadi həyatında olduqca mühüm yer tutmuş və şəhər sakinlərinin böyük marağına səbəb olmuş ilk tramvaylar "Azneft" meydanı ilə Bakı dəmir yolu vağzalı arasında hərəkət edib. Tədricən isə tramvayların əhatə dairəsi xeyli genişlənib və onları əksər mərkəzi küçələrdə görmək mümkün olub. 2000-ci illərin əvvəllərində isə Bakı tramvayı tarixə çevrilib.

Yaqut Ağaşahqızı, “İki sahil”