15 yanvar 2025 12:27
83

AÇG və “Şahdəniz”dən indiyədək hasil olunan neft və qazın həcmi açıqlanıb

“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 01 yanvar 2025-ci il tarixinədək buradan 650,2 milyon ton neft (kondensatla birlikdə), 466,5 milyard kubmetr qaz hasil edilib.

Energetika Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, hesabat dövründə AÇG-dən 601,5 milyon ton neft, 229,7 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 48,7 milyon tona yaxın kondensat, 236,8 milyard kubmetr qaz çıxarılıb.

“Bu yataqlardan 01 yanvar 2025-ci il tarixinədək 648,3 milyon ton neft, 169,5 milyard kubmetr qaz ixraca nəql edilib”, - məlumatda qeyd olunur.

Bildirilir ki, respublikada ötən il ərzində 29,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 16,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 4,2 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,6 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 7,5 milyon ton təşkil edib.

“2024-cü ildə respublikada 50,3 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 13,3 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 27,8 milyard kubmetri “Şahdəniz”, 1,5 milyard kubmetri “Abşeron” yatağı, 7,7 milyard kubmetri isə SOCAR üzrə hasil olunub. 2023-cü ilin müvafiq dövrünə nisbətən 2 milyard kubmetr artımla qaz hasil edilib”, - məlumatda qeyd olunur.