14 yanvar 2025 13:54
113

Bəzi səbəblərdən təhsilini bitirə bilməyən 1 232 nəfər üçün imtahan keçiriləcək

Əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə başa vura bilməyən şəxslər üçün yanvarın 26-da eksternat qaydasında imtahan keçiriləcək.

Bu barədə "İki sahil"ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, imtahanlar saat 11:00-da paytaxtdakı 258 və 47 nömrəli tam orta məktəblərdə təşkil olunacaq.

Tam orta (XI sinif) təhsil səviyyəsi üzrə eksternat imtahanları 258 nömrəli tam orta məktəbdə, ümumi orta (IX sinif) təhsil səviyyəsi üzrə eksternat imtahanları isə 47 nömrəli tam orta məktəbdə keçiriləcək.

İmtahana gələcək vətəndaşlar saat 10:00-dan gec olmayaraq imtahan mərkəzində olmalıdır. Eksternlərin şəxsiyyət vəsiqəsini özləri ilə gətirməsi mütləqdir.

Eksternat imtahanlarında iştirak etmək üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində əvvəlki illərdə təhsil alan, lakin ümumi orta təhsil səviyyəsini başa vura bilməyən 322 nəfər, tam orta təhsil səviyyəsini başa vura bilməyən 910 nəfər olmaqla, ümumilikdə 1 232 şəxs qeydiyyata alınıb.

Qeyd edək ki, eksternat təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyələrini başa vura bilməyən şəxslərə həmin səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır. Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.