İraqın paytaxtı Bağdadda Asiya Parlament Assambleyasının (APA) Siyasi işlər üzrə daimi komitəsinin iclası işinə başlayıb. İclas İraq Parlamenti spikeri Mahmud əl-Məşhədanin himayəsi ilə keçirilir.
“İki sahil” İraq Xəbər Agentliyinə istinadla bildirir ki, iki gün davam edəcək tədbirdə APA-nın hazırkı sədri Azərbaycanla yanaşı, digər üzv dövlətlərdən Pakistan, İndoneziya, İraq, Kamboca, Səudiyyə Ərəbistanı, Türkiyə, Kipr, Fələstin, Rusiya, Qətər, İran, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərinin nümayəndən heyətlər iştirak edirlər.
Bəhreyn Xəbər Agentliyi bildirir ki, Asiya Parlament Assambleyasının siyasi məsələlərlə bağlı daimi komitəsinin iclasının gündəliyində səkkiz qərar layihəsinin müzakirəsi yer alır. Bildirilir ki, iclasda hüququn aliliyi və məhkəmələrin səlahiyyətlərinin artırılması, parlament təcrübələrinin inkişaf etdirilməsi, Asiyada tərəfdaşlıq və əməkdaşlıq vasitəsilə rifahın yaradılması, Asiya parlamentləri və hökumətləri arasında əməkdaşlıqla, demokratiya vasitəsilə ahəngdar inkişafa nail olmaq mövzularında müzakirələr aparılacaq. Eyni zamanda, Yaxın Şərqdəki son vəziyyət iclasda müzakirələrin mövzularından olacaq.