10 yanvar 2025 16:56
109

Qoca qitədə Azərbaycan qazına ehtiyac artır: Avropa İttifaqı ilə əməkdaşlıq potensialı 

Reallıq budur ki, Azərbaycanın iştirakçısı və təşəbbüskarı olduğu enerji layihələri dünyanın enerji xəritəsini yenidən tərtib edib. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının əsas tərkib hissəsi olan “Əsrin müqaviləsi” Azərbaycana iqtisadi və siyasi dividendlər gətirməklə etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirdi. Bunun bariz nümunəsi 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması oldu. Regional çərçivədə qurulan əməkdaşlığın coğrafiyasının genişlənməsi Azərbaycanın enerji diplomatiyasının uğurlarının davamlılığını şərtləndirdi. 2014-cü ildə təməli qoyulan Cənub Qaz Dəhlizi layihəsi 2020-ci ilin sonunda tam tərkibdə istifadəyə verildi.

“İki sahil” xəbər verir ki,  bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.

Deputat bildirib ki, hazırkı dövrün əsas çağırışlarından biri Cənub Qaz Dəhlizinin əsas tərkib hissəsi olan TAP və TANAP-ın tərkibinin genişləndirilməsidir:

“Nəzərə alaq ki, 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdi. Bu kontekstdə Azərbaycan dünyanın ən mötəbər tədbirinə - COP29-a ev sahibliyi etməklə malik olduğu iqtisadi imkanları, getdikcə yüksələn beynəlxalq nüfuzunu təqdim etdi. Bir daha sübut edildi ki, Azərbaycan “yaşıl keçid”in fəal təbliğatçısıdır.

Bərpaolunan enerji potensialına investisiyaların yatırılması çağırışını yüksək səviyyədə yerinə yetirən Azərbaycan bu hədəfə yeni əməkdaşlıq formatlarının yaradılması ilə nail olur. Azərbaycanın uğurlu qaz strategiyası, qaz potensialının artırılması bu günümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. 2024-cü ildə Azərbaycan qazının alıcılarının sayı 12-yə çatıb”.

Millət vəkili xatırladıb ki, Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində enerji diplomatiyamızın uğurlarından biri kimi Azərbaycanın İtaliya, Yunanıstan, Macarıstan, Türkiyə və digər Avropa ölkələrinə öz qaz təchizatını artırmasına diqqəti yönəldib:

“Ölkə rəhbəri bildirdi ki, qaz ixracımız artır və hazırda biz müxtəlif infrastruktur layihələrindən, əsasən, Cənub Qaz Dəhlizi və onun artırılmasından istifadə edərək, qaz təchizatının coğrafiyasını genişləndiririk. Son zamanlar Avropada istismara verilmiş yeni interkonnektorlar vasitəsilə müxtəlif bazarlara çıxışımız mümkündür. Azərbaycanın 12 qaz alıcısından 10-u Avropa ölkəsidir və 8-i Avropa İttifaqının üzvüdür. Bir sözlə, biz coğrafiyanı genişləndirdik, qaz həcmini artırdıq. Avropa İttifaqının üzvü olan bir çox ölkə hazırda öz daxili qaz istehlakının təxminən yarısını Azərbaycan qazı ilə təmin edir. Bu, Avropada tərəfdaşlarımıza göstərdiyimiz ciddi dəstəkdir”.

Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, gələcək planlarımız coğrafiyanı genişləndirməkdir. Hazırda Azərbaycan qazının ixracı ilə bağlı digər Avropa ölkələri ilə danışıqlar aparılır.

“Prezident İlham Əliyev bu məqamı da qeyd etdi ki, 2022-ci ildən bu günədək çox köklü dəyişiklik baş verdi. Çünki həmin vaxt qaz ixracımız yalnız Gürcüstanı, Türkiyəni, Yunanıstanı və İtaliyanı əhatə edirdi. Sonra Azərbaycan bu siyahıya Bolqarıstan, Macarıstan, Rumıniya, Serbiya, Şimali Makedoniya, Slovakiya və Xorvatiyanı əlavə etdi.

Təbii ki, coğrafiyanın genişləndirilməsi Azərbaycanın böyük qaz ehtiyatına malik olmasına əsaslanır. Ölkəmizin malik olduğu eneji potensialından səmərəli istifadə etməsi həm özünün, həm iştirakçı, həm də digər ölkələrin enerji tələbatının ödənilməsinə geniş imkanlar yaradır. Azərbaycanın Avropa üçün etibarlı və arzuolunan tərəfdaşa çevrilməsi özündə bütün məqamları ehtiva edir. Azərbaycan enerji sektorunda qazandığı uğurlarla bu əməkdaşlığa davamlı töhfələr verir”, - deyə deputat vurğulayıb.

Milli Məclisin deputatı Azər Badamov isə açıqlamasında bildirib ki, Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təminatında yeganə alternativ mənbədir:

“Bu gün Ukraynanın Avropaya qaz ixracı xətlərini bağlaması və müharibəyə görə Rusiyaya tətbiq olunan sanksiyaların dərinləşməsi qazın idxalına tələbatı artırıb. 2022-ci ildə Avropa Komisisyasının sədri ilə Avropa İttifaqına qaz ixracını 2027-ci ilədək iki dəfə artırılması ilə bağlı saziş imzalandı. Avropa Komissiyası ilə Enerji təchizatı sahəsində əmədaşlığa dair Bəyannamə imzalananadək TAP vasitəsilə qaz ixracımız 7 milyard kubmetr idi.

Ondan sonra xətlərin genişləndirilməsinə, interkonnektorların tikintisinə sərmayələr qoyularaq bu gün 10 ölkəyə qazımızı ixrac edirik. 2024-cü ildə Avropa İttifaqına qaz ixracımız 12,9 milyard kub metrə çatdırılıb. Demək olar ki, Azərbaycan qaz ixracı ilə bağlı razılaşdırılmış sənədlə götürülmüş öhdəliyi vaxtından əvvəl yerinə yetirməyə başlayıb”.

Millət vəkili xatırladıb ki, qaz ehtiyatımızın 10 il əvvəlki dəyərləndirilməyə görə 2,6 trilyon kubmetr olduğunu təsdiq olunub.

“Ondan sonra yeni yataqların tədqiqatından sonra bu həcmlər kifayət qədər artıb. Bu, o deməkdir ki, Azərbaycanın uzunmüddətli qaz ixracı üçün kifayət qədər ehtiyatı var. Amma ixrac coğrafiyamızı daha da genişləndirmək üçün yeni interkonnektorlar tikilməli və sərmayələr qoyulmalıdır. Bunun üçün Avropa İttifaqının maliyyə qurumları qaz təchizatının genişləndirilməsinə maliyyənin ayrılması ilə bağlı tədbirlər görməlidir”, - deyə deputat vurğulayıb.

Azər Badamov qeyd edib ki, Avropa daha çox Azərbaycan qazını almaq istəyirsə, öz öhdəsinə düşən vəzifələri icra etməli və Azərbaycanla əməkdaşlığının dərinləşdirlməsi istiqamətində addımlar atmalıdır.