10 yanvar 2025 16:47
92

Şahdağda Xizək Alpinizmi üzrə Dünya Kubokunda ilk günün qalibləri bəlli olub

“Şahdağ” Turizm Kompleksində keçirilən Xizək Alpinizmi üzrə Dünya Kubokunda ilk gün başa çatıb.

“İki sahil” xəbər verir ki, ilk yarış günündə idmançılar arasında sprint növü üzrə mükafatçılar bəlli olub.

Qadınlarda fransalı Emili Harrop fəxri kürsünün ən yüksək pilləsində qalxıb. İsveçli Mariani Fatton ikinci, fransalı Perillat Pissiy üçüncü yeri tutub.

Kişilərdə isə isveçli Lita Aron qızıl, həmyerlisi Robin Bussard gümüş, ispaniyalı Martines Ferrer bürünc medala sahib çıxıb.

Dünya Kubokunda Fərdi Neytral İdmançılar (AİN) olmaqla 26 ölkədən 130-a yaxın idmançı qüvvəsini sınayır. Atletlər yanvarın 11-də vertikal və 13-də isə individual növlər üzrə güclərini yoxlayacaqlar.

Qeyd edək ki, Dünya Kuboku 2026-cı ildə keçiriləcək Qış Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün kvalifikasiya yarışlarından biri hesab edilir. Gənclər və İdman Nazirliyinin dəstəyi, Beynəlxalq Xizək Alpinizmi Federasiyasının, Azərbaycan Qış İdman Növləri Federasiyasının və Şahdağ Turizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən yarışa yanvarın 13-də yekun vurulacaq.