15 iyul 2026 18:15
128

Azərbaycan-ABŞ münasibətləri zirvədə - ŞƏRH

Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunun açılış mərasimindəki çıxışı dünya KİV-lərinin gündəmində əsas yeri tutur. Məqalələrdə vurğulanır  ki, keçən əsrin əvvəllərində təməli qoyulan ABŞ-Azərbaycan əlaqələri keçici xarakter daşıyıb. Sovet imperiyası hərbi güclə Azərbaycanı işğal edəndən sonra yenicə yaranmağa başlamış zəif əlaqələr və diplomatik əlaqələr tamamilə kəsilib, qapılar bütün xarici ölkələrin üzünə bağlanıb.

Azərbaycan-ABŞ əlaqələri hər iki dövlətin yaranışından bəri belə yüksək səviyyəyə çatmayıb. Dünyanın superdövlətinin əvvəlki rəhbərləri daim Azərbaycana müstəqil olmayan, kiçik, zəif bir dövlət kimi yanaşaraq isti münasibətlər qurmaqda maraqlı olmayıblar. Bu cür münasibət 1994-cü ilədək davam edib. Ulu Öndərimiz Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi” kimi tarixə düşmüş neft kontraktlarına dünyanın nüfuzlu dövlətləri imza atandan sonra soyuq münasibət dəyişməyə başlayıb.

Dövlətimizin başçısı bir çox çıxışlarında qeyd edib ki, Qarabağ münaqişəsinin davam etdiyi illərdə Azadlığa Dəstək Aktına ədalətsiz 907-ci düzəlişin yenidən qüvvədə saxlanmasına “hə” deməsi sabiq Prezident Co Baydenin   Azərbaycan-ABŞ münasibətlərinə daha bir zərbəsi oldu. Öz rəhbərliyi dövründə apardığı siyasətinə görə, Cənubi Qafqaz daimi münaqişə ocağı kimi qalmalı, parçalanıb dağılmış şəkildə mövcud olmalı idi. Ümumiyyətlə, qeyd etdiyimiz kimi prezidentliyi dövründə Co Bayden Azərbaycana qarşı aqressiv siyasət yeridirdi.  Ermənipərəst senator və konqresmenlərin zərərli fəaliyyətinə geniş meydan verilməsi, erməni diaspor təşkilatının diktəsi ilə müzakirələr aparılması adi hal almışdı. İşğalçı Ermənistanın ilhaq siyasətinə rəvac verən bəzi dövlət rəsmiləri bunun doğura biləcək mənfi nəticələrini görmək istəmirdilər.

Lakin Donald Tramp hakimiyyətə gələndən sonra “at oynadan” erməni diaspor təşkilatı qınına çəkilməli oldu. Onları Ağ Evin həndəvərinə belə buraxılmadılar. Çünki ermənilər Hillari Klintona gizlicə səs verərək  Donald Trampa prezident seçkilərində xəyanət etdilər. O vaxtdan Azərbaycana münasibət dəyişdi. Bu, özünü İkinci Qarabağ müharibəsində açıq surətdə göstərdi. Xəyanət etmiş erməni diasporu əvvəlki təsir gücünü itirdiyindən Tramp hökumətinə yaxınlaşa, qızışdırıcı əməllərini davam etdirə bilmədilər. Ermənipərəst senatorlar və konqresmenlər isə əvvəlki kimi fəal rol oynaya bilmədilər. Çünki suçlarını bildiklərindən cınqırlarını belə çəkmədilər.

2020-ci ilin sentyabrından başlayan və cəmi 44 gün davam edən İkinci Qarabağ müharibəsində ölkəmizin haqlı olduğunu yaxşı bilən bir çox dövlətlər başda ABŞ olmaqla Ermənistan-Azərbaycan müharibəsində tərəf tutmadılar. Təbii ki, Ermənistandan qat-qat güclü olan Azərbaycan hərbi yolla ərazilərini işğaldan xilas etdi. Onun-bunun gücünə arxayın olan Ermənistanın işğalçı ordusu darmadağın edildi. Möhtəşəm Qələbə Azərbaycanın nəyə qadir olduğunu göstərdi və onun nüfuzunu dünyaya yaydı.

Prezident İlham Əliyevin 2025-ci ildə ABŞ-a tarixi səfəri ikitərəfli əlaqələrin möhkəmlənməsinə və tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə rəvac verdi. Bu, Azərbaycan dövlətinin başçısının ABŞ-a ilk tarixi səfəri kimi yazıldı. Vaşinqtonda Azərbaycan və Ermənistan rəhbərlərini qəbul edən Prezident Donald Trampın iştirakı ilə sülh sazişinin paraflanması bəzi maraqlı ölkələri yerinə oturmağa məcbur etdi. Azərbaycan həmin səfərdən ölçüyəgəlməz siyasi dividendlər qazandı. Prezident Donald Trampın Azərbaycan lideri İlham Əliyev barədə etimad dolu fikirləri ölkəmizin bədxahlarını məyus etdi. Prezident Trampın sülhsevər siyasəti nəticəsində dünyanın səkkiz olkəsində, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsində sülhün bərqərar olunmasına mühüm töhfə verilmiş oldu. Azərbaycan müstəqil dövlət kimi ilk dəfə olaraq Amerka Prezidentindən dəstək və isti münasibət gördü.  Bundan bir qədər sonra Vitse-prezident Ceyms Vensin Azərbaycana səfəri ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.

Ümidvarıq ki, Azərbaycan-ABŞ münasibətləri bundan sonra daha yüksək səviyyəyə çatacaq, bununla da ölkəmizin təhlükəsiz həyatına möhkəm sipər çəkiləcəkdir.

Vəli İlyasov, “İki sahil”