İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun təşəbbüsü ilə sənaye, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı sahələrində fəaliyyət göstərən, eləcə də yaşıl layihələr həyata keçirən sahibkarlara güzəştli kreditlərin verilməsinin stimullaşdırılması məqsədilə müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında keçirilən "Sənaye və yaşıl layihələrə dəstək" müsabiqəsinin qalibləri ilə görüş olub.
Fonddan "İki sahil"ə bildirilib ki, görüşdə 2024-cü ildə 2 dəfə keçirilən müsabiqə nəticəsində müvafiq istiqamət üzrə 311 layihəyə, ümumilikdə, 67 milyon manata yaxın güzəştli kredit ayrıldığı qeyd edilib. Bu layihələrdən 175-i ikinci yarım il üzrə keçirilən müsabiqə çərçivəsində maliyyələşdirilib və həmin layihələr, ümumilikdə, 40 milyon manata yaxın güzəştli kreditlə təmin olunub.
Müsabiqə komissiyasının qərarına əsasən, sənaye, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı sahələrində fəaliyyət göstərən, eləcə də yaşıl layihələr üzrə kredit ayrılan layihələrin icra olunacağı regionlar, mikro, kiçik və ya orta sahibkarlıq subyektlərinə məxsus olması, kredit ayrılmış sahibkarlıq subyektinin kateqoriyası (qadın və gənc sahibkarlar) və kredit məbləği əsas götürülməklə, 1-ci yerə “Yelo Bank” ASC-nin nümayəndəsi Nahid Əhmədov, 2-ci yerə "Aqrarkredit" QSC-nin nümayəndəsi Rahib Səfərov, 3-cü yerə "Expressbank" ASC-nin nümayəndəsi Emil Həmidov layiq görülüb.
Qaliblər diplomlarla təltif ediliblər.