Ölkəmizdə şəffaf investisiya və rəqabət mühit mövcuddur
Ölkə iqtisadiyyatının inkişafına ciddi şəkildə təkan verən amillərdən biri də şəffaf investisiya mühitinin yaradılması, eyni zamanda, rəqabət mühitinin sağlamlaşdırılmasıdır. Bu amillərdən səmərəli istifadə edən dövlətlər bu gün iqtisadi göstəricilərinə görə dünyanın ən inkişaf etmiş ölkələri sırasındadır. Azərbaycan dövləti də son 15 ildə investisiya mühitinin sağlamlaşdırılması istiqamətində ciddi islahatlar aparmış, müasir iqtisadi inkişaf texnologiyaları tətbiq etmişdir. Məhz bunun nəticəsidir ki, ötən 16 ildə ölkə iqtisadiyyatına 240 miyard dollardan çox sərmayə yatırılmışdır.
Qeyd edək ki, ölkəmizə investisiya yatırılması prosesinin sürətlənməsinin başlıca səbəbi bu sahənin inkişafı üçün təkmil hüquqi bazanın yaradılması olmuşdur. Xüsusilə sahibkarlığın inkişafı üçün əlverişli biznes mühitinin yaradılması, sahibkarlıq subyektlərinin dövlət orqanlarında qeydiyyata alınması proseslərinin asanlaşdırılması məqsədilə «Bir pəncərə» sistemi təbiq edilərək ölkəmizdə biznesə başlama prosedurları 15-dən 2-yə və bunun üçün sərf olunan vaxt 30 gündən 2 günə endirilmişdir Həmçinin fərdi sahibkarların vergi orqanlarına gəlmədən real vaxt (onlayn) rejimində qeydiyyata alınması sistemi işlək vəziyyətdədir. O cümlədən sərmayə yatıranlara vergilərdə 129 güzəşt və azadolma mövcuddur. Belə ki, sənaye və texnologiya parklarına investisiya qoyuluşlarının stimullaşdırılması məqsədi ilə hazırda sənaye, yaxud texnologiyalar parklarında hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər 7 il müddətinə mənfəət, əmlak, torpaq və əlavə dəyər vergilərindən, eyni zamanda, bəzi gömrük rüsumlarından azad ediliblər.
Digər önəmli məsələ isə ölkəmizdə xarici investisiyaların qorunması məqsədilə mövcud qanunlar davamlı olaraq təkmilləşdirilməsidir. Azərbaycanın investisiya mühiti investorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara bərabər şəraitin yaradılması, Appelyasiya şuralarının təşkili, «İnvestisiya fəaliyyəti haqqında» «Xarici investisiyaların qorunması haqqında», «Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında» qanunlarla və bir sıra normativ sənədlərlə tənzimlənir. Yəni, bu gün xarici və yerli sahibkarın investisiyasına hər hansı təhlükə mövcud deyildir.
Həmçinin ölkəyə xarici investorların cəlb edilməsi üçün lisenziya məsələsində də ciddi təkmilləşmələr aparılıb. Belə ki, Azərbaycan Respublikası Prezidentinin «Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında» Fərmanına əsasən, İqtisadiyyat Nazirliyi tərəfindən dövlət təhlükəsizliyi ilə bağlı hallar istisna olmaqla lisenziyaların «ASAN xidmət» mərkəzləri vasitəsilə verilməsinə başlanılmışdır. Eyni zamanda, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilmiş, indiyə kimi verilmiş qüvvədə olan müddətli lisenziyalar müddətsiz elan olunmuş, yeni verilən lisenziyalar isə müddətsiz müəyyən edilmiş, lisenziyanın verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri təxminən 2 dəfə, regionlar üzrə 4 dəfə (regional televiziya və radio yayımı istisna olmaqla) azaldılmış, lisenziya verən dövlət orqanlarının sayı 23-dən 4-ə, lisenziyaların verilməsi müddəti 15 gündən 10 iş gününə endirilmiş, lisenziya verilməsi üçün tələb olunan prosedurlar isə sadələşdirilmişdir.
Bundan başqa, Vergi Məcəlləsində edilən dəyişikliklərə əsasən investorlara xeyli güzəştlər edilib. Belə ki, investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq olaraq mənfəət və gəlirin 50 faizinin vergisini, müvafiq əmlakına görə əmlak vergisini və mülkiyyətində və ya istifadəsində olan torpaqlara görə torpaq vergisini, həmçinin onların idxal etdikləri texnika, texnoloji avadanlıqlar və qurğular üzrə idxalda əlavə dəyər vergisini ödəməkdən azad ediliblər.
Eyni zamanda, son dövrlərdə ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülmüş önəmli işlərin sırasında qeyri-qanuni yoxlamaların dayandırılması da var. Məhz bu və digər çox önəmli islahatlara və yenilənmiş hüquqi bazaya əsasən, ölkəmizə sərmayə qoyanların sayı artmaqdadır.
Elçin Zaman, «İki sahil»