26 dekabr 2024 03:02
102

2024-cü il Böyük Qayıdış Proqramının icrasına mühüm töhfələrini verdi

Dövlət başçısı İlham Əliyevin cari ildə azad edilmiş ərazilərə səfərlərinin hər biri soydaşlarımızın bu torpaqlara qayıdışına geniş imkanlar yaradan addımların atılması, keçmiş məcburi köçkünlərin doğma yurd-yuvalarına qovuşması ilə yadda qaldı

Son 4 ilin mühüm reallıqlarından biri Böyük Qayıdış Proqramının uğurlu icrası, soydaşlarımızın mərhələli şəkildə doğma yurd-yuvalarına qayıtmasıdır. 30 il xalqımız bu günləri böyük səbirsizliklə gözlədi. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, onun ardınca ötən ilin sentyabrında həyata keçirilən bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi bu torpaqlara qayıdışımıza inamı artırdı və artıq bu reallıqların şahidiyik.

Başa vurmağa hazırlaşdığımız 2024-cü ilin keçmiş məcburi köçkünlərin qayıdışına hansı əlavələri etdiyi hazırda əsas diqqət göstərilən məsələlər sırasındadır. Prezident İlham Əliyev ilin əvvəlində yerli televiziya kanallarına müsahibəsində hədəfləri açıqlayarkən bildirdi ki, bu il sakinlərinə qovuşacaq şəhərlərimizin sırasına növbəti 5 şəhər qatılacaq. Şuşa, Xocalı, Cəbrayıl, Xankəndi və Kəlbəcərə keçmiş məcburi köçkünlər qayıdacaq.

Artıq Şuşa, Xocalı və Cəbrayıl şəhərləri bu sevinci yaşayıb. Şuşa sakinləri bu ilin 10 may tarixində Ümummilli Lider Heydər Əliyevin andan olmasının 101-ci ildönümündə, xocalılar 28 may-Müstəqillik Günündə, cəbrayıllılar 4 oktyabr- Cəbrayıl Şəhəri Günündə doğma yurd-yuvalarına qayıtdılar.

Ümumilikdə Prezident İlham Əliyev Qarabağa və Şərqi Zəngəzura mütəmadi səfərləri zamanı bərpa-quruculuq işləri ilə tanış olur, yaşayış məntəqələrinin, vacib infrastruktur obyektlərinin açılışlarında, təməlqoyma mərasimlərində iştirak edir. Dövlətimizin başçısı işğaldan azad olunmuş ərazilərə 2024-cü ildə ilk səfərini fevralın 26-da Xocalı şəhərinə etdi. Ötən ilin sentyabrında suverenliyimizin tam bərpasından sonra Xocalı şəhərində qısa müddətdə görülən işlər xocalılıların qayıdışında özünün aydın ifadəsini tapır. Prezident İlham Əliyev Xocalıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü, sonra Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoydu, sakinlərlə birlikdə şəhərdə aparılan tikinti işlərinin gedişi ilə tanış oldu. «Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün bu gün burada - 26 fevral günündə memorial kompleksin təməli qoyulacaq. Onu bildirməliyəm ki, bu layihə çoxdan hazır idi, yer də seçilmişdi, Bakı şəhərində Xocalı soyqırımı abidəsinin yanında yer seçilmişdir. Ancaq memorial kompleksin tikintisi ilə bağlı hər il mən müəyyən tərəddüdlər keçirərək o hadisəni, o layihəni təxirə salırdım. Ona görə ki, sizin kimi mən də inanırdım və bilirdim, biz buraya qayıdacağıq, Xocalıya qayıdacağıq və burada günahsız qurbanların xatirəsini əbədiləşdirmək üçün memorial kompleks yaradılacaq» söyləyərək onu da əlavə etdi ki, otuz iki ildən sonra qayıtmısınız. Otuz iki ildən, o qanlı faciədən sonra Azərbaycanın hər bir guşəsində, Qarabağın hər bir yerində sahib kimi, bu Vətənin övladları kimi yaşayırıq, qururuq, bərpa edirik. Azad edilmiş bütün torpaqlarda geniş quruculuq işləri gedir.

Prezident İlham Əliyev və Azərbaycana səfərə gələn Qazaxıstan Prezidenti Kasım--Jomart Tokayev bu ilin mart ayında Füzuli rayonunda oldular. Füzuli şəhərinin Baş planı ilə tanış olan dövlət başçılarına məlumat verildi ki, 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Azərbaycan və Qazaxıstan prezidentləri Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak etdilər.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulması işinə Özbəkistan və Qazaxıstanla yanaşı, Qırğızıstan da fəal şəkildə qoşuldu. Bu ilin aprel ayında prezidentlər İlham Əliyev və Sadır -Japarov Ağdamın Xıdırlı kənd tam orta məktəbin təməlini qoydular. Bu məktəb Qırğızıstan Prezidentinin təşəbbüsü ilə inşa olunur.

Mayın 10-da, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümündə Prezident İlham Əliyev işğaldan azad olunmuş torpaqlarımıza səfər etdi. Bu səfəri daha əlamətdar edən hadisə isə Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş oldu. Şuşaya ilk köç edən ailələrlə görüşüb mənzillərin açarlarını sakinlərə təqdim etdikdən sonra dövlətimizin başçısı İlham Əliyev çıxışında bildirdi ki, Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq. Buranın təbiəti, gözəl mənzərələri, yaşıllıqlar, bulaqlar müasir və eyni zamanda, ənənəvi üslubda inşa edilən binalarla tamamlanır. Elə bir gözəl şəhər yaradılır ki, hər birimiz, hər bir azərbaycanlı bununla fəxr edəcək”. Sonra cənab İlham Əliyev Laçın rayonunun Sus kəndində görülmüş işlərlə tanış oldu, kəndə köçmüş sakinlərlə görüşdü. Dövlətimizin başçısı Laçın rayonunda Zabux” və «Qarıqışlaq» Kiçik Su Elektrik stansiyalarının açılışlarını etdi. Qeyd edək ki, Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq indiyədək Laçın şəhərində 552 ailə məskunlaşıb və 2031 laçınlının yurd həsrəti sona çatıb. Həmçinin Dövlət Proqramına əsasən rayonun Sus kəndinə 59 ailənin 214 sakinin köçürülməsi təmin olunub.

Prezident İlham Əliyev 28 May-Müstəqillik Günündə Xocalı şəhərində oldu, bura ilk köçən sakinlərlə görüşdü. Dövlətimizin başçısı həmin görüşdə bildirdi ki, bu qayıdışın Müstəqillik Gününə təsadüf etməsi təsadüfi deyil. Çünki keçən il Müstəqillik Günündə Laçın şəhərində laçınlılara evlərinin açarları təqdim edildi. İki il bundan əvvəl Müstəqillik Günü ərəfəsində - mayın 27-də Ağalı sakinləri ilə görüş oldu. Onlar da məhz o gündə köçmüşdülər. Bu gün isə xocalılılar qayıdırlar. Bu, gözəl tarixi hadisədir. Böyük Qayıdış Proqramının Xocalı səhifəsi yazıldı.

Ümumiyyətlə, ilin elə bir ayı yoxdur ki, dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfəri olmasın. Bu səfərlər mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır.

4 oktyabr tarixi də Böyük Qayıdış Proqramına növbəti köç səhifəsini yazdı. Belə ki, Cəbrayıl Şəhəri Günündə Prezident İlham Əliyev rayon mərkəzində inşa olunmuş yaşayış kompleksinin açılışında iştirak etdi və yeni evlərə köçən sakinlərə mənzillərin açarları təqdim olundu. Qeyd edək ki, ümumi sahəsi 7,9 hektar olan bu kompleksdə tikilmiş beşmərtəbəli və dördmərtəbəli 33 yaşayış binasında 712 mənzil var.

Hazırda işğaldan azad edilmiş ərazilərdə şəhərlərin və kəndlərin bərpası sürətlə davam etdirilir. Bütün işləri öz daxili imkanları hesabına həyata keçirən Azərbaycanın əsas hədəfi Böyük Qayıdış Proqramının icrasının birinci mərhələsi başa çatanadək 140 min keçmiş məcburi köçkünün qayıdışına nail olmaqdır. Bu fakt ölkəmizin ildən-ilə artan iqtisadi gücünün daha bir göstəricisidir. Hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgələrdə reallaşdırılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.

Böyük Qayıdışdan bəhs edərkən bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, bu qayıdış Cocuq Mərcanlıdan başladı. Məhz Ulu Öndər Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində 1993-cü ilin dekabrından 1994-cü ilin yanvarına qədər davam edən və Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış uğurlu Horadiz əməliyyatı nəticəsində Füzuli rayonunun bu qəsəbəsi ilə yanaşı, 20 kəndi, həmçinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Lakin təhlükəsizlik baxımından uzun müddət məskunlaşmanın qeyri-mümkün olduğu bu kənd 2016-cı ildə Prezident İlham Əliyevin tarixi xidmətləri sayəsində ikinci həyatını yaşamağa başladı. Buna 2016-cı ilin aprelində qəhrəman Azərbaycan Ordusunun düşmənin təxribatına layiqli cavab verməsi və strateji əhəmiyyətli Lələtəpə yüksəkliyini azad etməsi nəticəsində nail olundu. Ağdərənin, Cəbrayılın, Füzulinin işğaldan azad olunmuş ərazilərində Azərbaycan Bayrağı dalğalandı. Aprel döyüşlərində qazanılan qələbədən sonra Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşayışın bərpa edilməsinə, məcburi köçkünlərin öz ata-baba yurdlarına qaytarılmasına əlverişli şərait yarandı. Cənab İlham Əliyev 2017-ci ildə «Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında» Sərəncam imzaladı. Ərazinin minalardan təmizlənməsindən sonra bu kənddə böyük quruculuq işlərinə başlandı. Dövlətimizin başçısının xüsusi diqqət və qayğısı sayəsində həyata keçirilən bərpa işləri uğurla başa çatdı və Cocuq Mərcanlı öz sakinlərini qarşıladı.

Artıq dörd ildir Böyük Qayıdışdan qürurla bəhs edirik. Hədəfə doğru atılan addımların uğurlu nəticəsi göz önündədir. Bu ərazilərin bərpası, yenidən qurulması müasir tələblər səviyyəsində həyata keçirili, soydaşlarımızın gələcəkdə burada yüksək rifah şəraitində yaşayışı üçün bütün zəruri addımlar atılır. Dövlət başçısı İlham Əliyev bu günlərdə 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə də diqqət göstərdiyi əsas məsələlərdən biri məhz azad edilmiş torpaqlarımızın bərpası oldu. Cənab İlham Əliyev bildirdi ki, bu ərazilərdə idman infrastrukturu da yaradılır. Bəziləri hesab edə bilər ki, bu, bir az tezdir. Amma bu, mütləq olmalıdır. Çünki bu idman obyektlərinin həm rəmzi mənası, həm də funksional tərəfi var. Dövlətimizin başçısı onu da qeyd etdi ki, Qarabağ və Şərqi Zəngəzur bölgələrinə idmançılarımız müntəzəm olaraq səfərlər edirlər. Artıq orada 10 min insan yerləşib. Onların böyük hissəsi uşaqlardır, gənclərdir. O yerləri heç vaxt görməyən uşaqlar, gənclər böyük həvəslə oraya qayıdırlar. Əlbəttə ki, Azərbaycanın görkəmli idmançılarının azad edilmiş torpaqlara müntəzəm səfərləri gənclər, uşaqlar üçün də böyük hadisə olacaq. İdman yarışları öz yerində, amma, eyni zamanda, indi müxtəlif tədbirlər çərçivəsində Azərbaycan idmançıları, cəmiyyətimizin digər tanınmış simaları, ziyalılar o bölgələrə nə qədər çox səfər etsələr, o qədər də yaxşı olacaq. Çünki orada həyat yenidən, sıfırdan qurulur: «Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq. Böyük coğrafiyada, 15-16 min kvadratkilometr ərazidə, - hansı ki, Ermənistan onu tamamilə yerlə-yeksan edib, - yeni həyat qurulur, özü də müasir, gözəl, rahat. Ona görə mənim idmançılara, idman ictimaiyyətinin nümayəndələrinə tövsiyəm odur ki, o bölgələrə və bütövlükdə digər bölgələrə də tez-tez getsinlər, orada həm görüşlər keçirsinlər, həm də ki, gənc idman istedadlarını seçsinlər. Çünki seleksiya işi, - indi idman mütəxəssisləri bunu yaxşı bilirlər, - əsas amildir.»

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın reallaşması üçün yüksək qətiyyət və əzmkarlıq göstərir. Bu günədək işğaldan azad olunmuş ərazilərimizə 9 minə yaxın keçmiş məcburi köçkün köçürülüb. Prezident İlham Əliyev Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin abidəsinin açılış mərasimində çıxışı zamanı xalqımızın əyilməz ruhunu belə ifadə etmişdir: «Bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü gözləyirlər, Böyük Qayıdış proqramının icrasını səbirsizliklə gözləyirlər. Əslində, bu proqram artıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar.»

Yeganə Əliyeva, «İki sahil»