09 dekabr 2024 14:36
183

Naxçıvan sənayeləşmənin yeni mərhələsinə qədəm qoyur

Sənaye sektoru hazırkı dövrdə ümumi daxil məhsul istehsalında aparıcı istiqamətlərdən biri hesab olunur. Çünki əksər məhsulların xammaldan bazara gedən yolu real olaraq sənayedə cəmləşdiyindən bu sektorun inkişafı həm ərzaq, həm də qeyri-ərzaq məhsullarının istehsalında böyük imkanlara malikdir. Buna görədir ki, müasir dövrdə də sənaye bütün ölkələrdə, eləcə də Azərbaycanda milli iqtisadiyyatın aparıcı istiqamətlərindən biri sayılır. Diqqət etsək görərik ki, ölkə iqtisadiyyatında ən yaxşı inkişaf göstəriciləri də məhz sənaye sektorunda qeydə alınır. Xüsusilə də, ölkəmizdə qeyri-neft sənayesinin inkişafı ilə bağlı atılan məqsədyönlü addımlar dövlətin bu sahədə konkret hədəflər qarşıya qoyduğunu göstərir. Bu nöqteyi-nəzərdən yeni sənaye parklarının yaradılması məxsusi xarakter daşıyır.

Qeyd edək ki, innovativ əsaslı iqtisadiyyat quruculuğunu hədəfləyən Azərbaycan özünün sənayeləşmə siyasətində qabaqcıl dünya təcrübəsinə istinad edir. Bu baxımdan ölkəmizdə yüksək infrastruktur təminatına malik sənaye parklarının yaradılması yeni dövrün tələblərinə uyğunlaşdırılır. İndiyədək ölkəmizin bir çox regionlarında, eləcə də işğaldan azad olunmuş ərazilərdə yeni sənaye parklarının yaradılması ilə bağlı əhəmiyyətli işlər görülüb. Bu sənaye parklarında bölgələrin müvafiq potensialından səmərəli istifadə üçün müxtəlifprofilli rezidensiyalar təşkil olunub. Məqsəd, həyata keçirilən bu kimi tədbirlərlə həm mövcud potensialdan layiqincə istifadə olunması, həm də regionların iqtisadi inkişafına nail olmaqdır.

Ölkə başçısının Naxçıvan Muxtar Respublikasında Naxçıvan Sənaye Parkının yaradılması ilə bağlı imzaladığı 2024-cü il 5 dekabr tarixli Fərmanı da bu mənada böyük əhəmiyyət daşıyır. Nəzərə alaq ki, Naxçıvan iqtisadi regionu  ölkə iqtisadi regionları sırasında mühüm potensialı ilə seçilir. Muxtar respublikanın mühüm aqrar-sənaye xammalı potensialına malik olması, regionun həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətlərində nəqliyyat çıxışlarını nəzərə alsaq, burada istehsal olunacaq məhsulların bazar əlverişliyi də geniş imkanlar təqdim edir. Fərmanda muxtar respublika ərazisində yeni sənaye parkının yaradılması üçün Naxçıvan şəhərinin cənub-qərb hissəsində, Naxçıvan-Sədərək avtomobil yolunun cənubunda 310 hektar torpaq sahəsində parkın  fəaliyyətinin təşkili üçün qısa müddətdə ərazinin yararlı vəziyyətə gətirilməsi qeyd olunur. Həmçinin burada xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması üçün layihələndirmə işlərinin həyata keçirilməsini təmin etmək məqsədilə 2024-cü il dövlət büdcəsindən 500 min manat vəsaitin ayrılması vurgulanır.

Bunu da qeyd edək ki, yeni sənaye parkının yaradılması Naxçıvan Muxtar Respublikasının ölkənin milli iqtisadiyyatına tam və dolğun inteqrasiyası istiqamətində də mühüm addımdır. Digər tərəfdən, Naxçıvan Sənaye Parkı muxtar respublikada innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin yaradılmasına imkan verəcək ki, bu da ixrac üçün vacib amillərdən biridir. O cümlədən yeni infrastruktur sahibkarlığın dəstəklənməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasına öz töhfəsini verəcək. İnanırıq ki, ölkə başçısının Naxçıvanla bağlı bu əhəmiyyətli addımı muxtar respublikanın etibarlı və dayanıqlı iqtisadi inkişafında yeni mərhələnin başlanğıcı olacaq.

Təhminə Babayeva