Avropa və ABŞ-dan Azərbaycana qarşı koordinasiya olunmuş təzyiq kampaniyası davam etdirilməkdədir. Bu gün Qərbin, o cümlədən ABŞ-ın Cənubi Qafqazda proseslərin tənzimlənməsi, Ermənistanla Azərbaycan arasında sülh münasibətlərinin təmin olunması ilə bağlı ziddiyyətli mövqeyi, davranışları özünü açıq şəkildə göstərir. Bu, təbii ki, həmin güclərin, xüsusilə ABŞ-ın, Fransanın neoimperialist maraqlarından, hədəflərindən irəli gəlir. Çünki Cənubi Qafqazda baş verən proseslərə, münasibətlərin tənzimlənməsinə yanaşma Azərbaycanın və mənistanın maraqlarına, həmçinin demokratik dəyərlərə hesablanmayıb. Bu, ABŞ, Fransa kimi dövlətlərin bölgə ilə bağlı maraqlarına xidmət edir və addımlar da əsasən buna uyğun olaraq atılır. Bu dəfə isə özünəməxsus dırnaqarası bir fakt tapıblar. Hər zaman olduğu kimi öz gözündə tiri görməyib başqasının ğözündə tük axtaran Qərb Rüfət Səfərovun konkret cinayət tərkibli əməllərinə görə saxlanması hadisəsinə siyasi don geyindirmək istəyir. Halbuki bu şəxs xuliqanlıq və eyni zamanda, dələduzluq hərəkətlərinə görə saxlanılıb. Həmçinin dələduzluq külli miqdarda ziyanvurma halı ilə qeydə alınıb və indi istintaq prosesi gedir. Ancaq Avropa Şurası Parlament Assambleyasında Almaniya nümayəndə heyətinin rəhbəri Frank Şvabe isə istintaq hərəkətlərinin yekunlaşmasını gözləmir. Bu, ona qətiyyən lazım deyil. Artıq indidən onu "siyasi məhbus" elan ediblər və hesab edirlər ki, bu, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına qayıtması ilə bağlı üzərinə götürdüyü öhdəliklərə uyğun gəlmir və yanvar ayında bu məsələyə baxılacaq. Yəni, Azərbaycanı indidən hədələyir ki, yanvar ayında AŞPA-ya qayıdışınız mümkün olmayacaq və çox sinxron şəkildə onun bu davranışı ilə paralel şəkildə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini də bu şəxsi "siyasi məhbus" elan edir və hesab edir. Heç onları qətiyyən maraqlandırmır ki, bu şəxs məhz konkret cinayət əməlinə görə saxlanılıb və istintaq gedir.
Bu gün Qərb, eyni zamanda, ABŞ demokratiyası absurd bir prosesə çevrilib və hakim sinfin maraqlarının müdafiəçisi qismində çıxış edir. ABŞ Prezidenti Co Bayden vəzifəsindən sui-istifadə edərək Amerika demokratiyası anlayışını sıfırladı. Bu gün artıq ABŞ ədliyyəsi dünyanın gülüş hədəfindədir. Belə ki, ABŞ Prezidenti Cozef Bayden silah alışı məsələsində təqsirli bilinən və dekabrda həbsi nəzərdə tutulan oğlu Hunter Baydeni əfv edib. Bildirib ki, oğlumu soyadına görə həbs ediblər və bu həbs siyasi sifariş əsasında reallaşdırılıb. Yəni, Bayden əslində etiraf edir ki, onun oğlu siyasi məhbusdur. Deməli, Birləşmiş Ştatlarda siyasi məhbus var və eyni zamanda, hesab edir ki, məhkəmə siyasi sifariş yerinə yetirib. Eyni zamanda, Birləşmiş Ştatların yeni seçilmiş Prezidenti Donald Tramp da 2021-ci il 6 yanvar hadisələrinə qiymət verərkən, o zaman seçkinin nəticələrini qəbul etməyən respublikaçı tərəfdarları Konqresə hücum etmişdilər və o zaman bu hücum nəticəsində saxlanılan şəxslərin hər birini Donald Tramp siyasi məhbus hesab edirdi . Birləşmiş Ştatlarda siyasi məhbus və siyasi sifarişin olduğu, məhkəmələrin azad olmadığı, müstəqil olmadığı ilə bağlı fikirlər ölkənin birinci şəxslərinin dilindən səslənir. Belə bir vəziyyətdə Birləşmiş Ştatların Dövlət Departamenti hansı məntiqlə, hansı mənəvi haqla insan hüquqlarından danışır?
Hazırda Avropa Parlamenti ilə korrupsiya sözü sinonimləşib. Eyni fikri Avropa Şurası Parlament Assambleyası (AŞPA) haqqında da artıq demək mümkündür. Çünki Şvabe kimi deputatlar bu parlamenti sözün həqiqi mənasında gözdən salıb. AŞPA-da Azərbaycana qarşı gedən proses təsadüfi deyil. AŞPA-nın davranışı Fransanın ölkəmizə qarşı kampaniyasının davamıdır. Ötən bu illər ərzində AŞPA Azərbaycana problem yaratmaq, ölkəmizi gözdən salmaqdan başqa heç nə etmədi. Qərbdəki anti-Azərbaycan qüvvələr bu qurumdan ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Avropa İnsan Hüquqları Məhkəməsi Qərbin “5-ci kolon”unu müdafiə edir və sifarişli qərarlar çıxarır. Bu qurum Azərbaycanın tarixi Zəfərini, Prezident İlham Əliyevin müstəqil siyasətini, Ermənistanın məğlubiyyətini, suverenliyimizin tam bərpa olunmasını həzm edə bilmir.
Azərbaycan müstəqil dövlətdir. Atdığı hər bir addımında dövlət maraqları, xalqın iradəsi öndə dayanır. Heç bir qüvvə Azərbaycanla diktat dilində danışa bilməz. Heç bir təzyiq, təhdid, riyakarlıq Azərbaycanı tutduğu yoldan döndərməyib və bundan sonra da döndərə bilməz. Dövlətimizin siyasətində ədalət və beynəlxalq hüquq prinsiplərinin öndə olması əməkdaşlıq əlaqələrinin inkişafında da öz sözünü deyir. Bu gün böyük inamla qeyd edirik ki, Azərbaycanın sözü imzası qədər dəyərlidir. Təbii ki, uğurlarımızdan dostlar sevinəcək, onları həzm edə bilməyən AŞPA kimi ikili standartlar siyasətini normaya çevirən qurumlar qarayaxma kampaniyalarını davam etdirəcəklər. Azərbaycan bu kimi cəhdlərin qarşısını daim qətiyyətlə alıb və bundan sonra da alacaq.
Şəmsiyyə Əliqızı, “İki sahil”