25 noyabr 2024 10:27
74

"Qarabağ" ölkə çempionatları tarixinin rekordunu təkrarlayıb

“Qarabağ” klubu Misli Premyer Liqasının 2024/2025 mövsümündə 7-ci böyükhesablı qələbəsini qazanmaqla ölkə çempionatları tarixinin rekordunu təkrarlayıb.

“İki sahil” Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda keçirdiyi 13 görüşün yarısından çoxunda 3 və ya daha çox top fərqilə qalib gəlib.

Bunadək 4 dəfə iştirakçılardan biri ilk 13 turda 7 oyunda rəqiblərini ağır məğlubiyyətə uğradıb. Buna nail olan ilk kollektiv Sumqayıt “Xəzər”idir. Komanda 1992-ci ildə belə uğur qazanıb. “Kəpəz” 1994/1995, “Neftçi” isə iki dəfə - 1996/1997 və 2000/2001 mövsümlərində 13 turda 7 dəfə böyük hesabla qalib gəlib.

“Qarabağ” son 24 ildə buna nail olan ilk komandadır.

Qeyd edək ki, Ağdam təmsilçisi cari mövsümdə “Araz-Naxçıvan”ı 4:1, “Kəpəz”i 3:0 və 5:0, “Neftçi”ni 4:0, “Şamaxı”nı 3:0, “Zirə”ni 4:0, “Səbail”i 3:0 hesabı ilə məğlub edib.