Təqribən 200-ə yaxın dövlət böyük beynəlxalq tədbirin - COP29-un məhz Azərbaycanda keçirilməsini dəstəklədi. Bu həmin dövlətlərin ölkəmizə verdiyi dəyərin, göstərdikləri ehtiramın təntənəsi idi. Xalqımıza COP29 kimi böyük və nüfuzlu bir tədbirə ev sahibliyi etmək fürsəti nəsib oldu. Bu, bizim ölkəyə yüksək hörmət əlamətidir və bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir. COP29-un sədri kimi Azərbaycan çalışacaq ki, inkişaf etmiş və inkişaf edən ölkələr arasında konsensusun tapılmasına töhfə versin və Qlobal Cənubla Qlobal Şimal arasında daha sıx əlaqələr qurulsun. Azərbaycan Şimalın, Cənubun, Qərbin və Şərqin qovuşduğu bir məkandır. Ölkəmiz həmçinin ixrac bazarlarına xüsusi diqqət yetirir və öz tərəfdaşları ilə birgə çalışır ki, digər mühüm enerji təhlükəsizliyi layihələrini də həyata keçirsin. Burada enerji, mədəniyyət, o cümlədən daşımalar müxtəlif beynəlxalq iştirakçılar arasında baş tutur. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyada enerji və daşımalar yollarını dəyişib. Ölkəmizin təşəbbüsü ilə məhsuldar çoxtərəfli əməkdaşlıq formatı qurulub.
Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev 12 noyabr 2024-cü il tarixində Bakıda COP29-un liderlər Sammitinin açılış mərasimindəki çıxışında ölkəmizin enerji siyasəti, həmçinin beynəlxalq hüquq normalarının, ədalət prinsiplərinin qorunması ilə bağlı fikirlərin tədbir iştirakçılarının diqqətinə çatdırdı. Möhtərəm Cənab İlham Əliyev bildirdi ki, Azərbaycan mədəniyyətlərarası dialoqun qurulmasında fəal rol oynayır. Multikulturalizm dövlət siyasətimiz və həyat tərzimizdir. Azərbaycan xalqı etnik, dini mənsubiyyətindən asılı olmayaraq, digər millətlərlə hər zaman ahəngdar şəkildə, bir ailədəki kimi yaşayır. Dövlət başçımız əlavə etdi ki, 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!”.
Həm COP29-un, həm də digər böyük tədbirlərin ölkəmizdə uğurla təşkili, bu tədbirlərdə dünya dövlətlərinin yaxından iştirakı gələcəyə nikbin baxmağa imkan verir. Çünki Azərbaycan Respublikası qlobal problemlərin uğurlu həlli üçün, ikili standartlar, digər ölkələrə dərs vermək adəti və siyasi riyakarlıq üsullarından birdəfəlik imtina edilməsi üçün ardıcıl səylər göstərir. Xalqımız əmindir ki, ölkəmizin göstərdiyi cəhdlər hədər getməyəcək, haqq-ədalət bərqərar olacaq, ölkəmizdə təşkil olunan COP29-un sayəsində dünya ölkələri birləşərək qlobal problemlərin həllinə mühüm töhfələr verəcəklər.
Arifə Abdullayeva,
YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi