12 noyabr 2024 04:04
242

Ankara – Aİ əlaqələri müzakirə edilib

Türkiyənin xarici işlər nazirinin müavini və Avropa İttifaqı ilə iş üzrə İdarənin sədri səfir Mehmet Kemal Bozay Almaniya XİN-in siyasi direktoru səfir Günter Sautterlə Türkiyə – Aİ əlaqələrini müzakirə edib.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə XİN-in mətbuat xidməti bildirib.

“Nazir müavinimiz və Aİ ilə iş üzrə İdarənin sədri səfir Mehmet Kemal Bozay Almaniyanın Xarici İşlər Nazirliyinin siyasi direktoru səfir Günter Sautteri qəbul edib. Görüşdə ikitərəfli münasibətlərimiz, regional inkişaflar və Türkiyə – Aİ əlaqələri müzakirə edilib”, – xarici siyasət idarəsinin sosial şəbəkə hesabında qeyd olunub.

Xatırladaq ki, oktyabrın 31-də Türkiyə XİN Ankaranın Avropaya inteqrasiyası prosesində irəliləyişin Aİ-ni siyasi iradəsindən və onun strateji yanaşmasından asılı olacağını bildirmişdi.

Bundan başqa, noyabrın 7-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Siyasi Birliyinin V sammitində iştirak etmişdi.