Azərbaycandan xarici bazarlara tütün xammalı ixracı artır. Bu ilin yanvar-oktyabr aylarında ölkəmizdən 6,969 min ton tütün xammalı ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 dəfə artıqdır.
“İki sahil” xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin məlumatına istinadən bildirir ki, ixrac olunan tütün xammalının ümumi dəyəri 21,5 milyon dollar təşkil edib. Bu rəqəm isə ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 5,1 dəfə artıqdır.
Qeyd olunub ki, ölkəmizdə tütün becərilməsi dövlət tərəfindən dəstəklənir, bu sahənin inkişafına subsidiyalar ayrılır. Aqrar Subsidiya Şurasının qərarına əsasən, növbəti təsərrüfat ilində müasir suvarma sistemləri ilə təchiz olunmuş sahələrdə becərilən və tədarük məntəqələrinə təhvil verilən Virciniya sortu yaş tütünün hər tonuna görə fermerə 36 manat vəsait ödəniləcək. Müasir suvarma sistemləri qurulmamış sahələrdə becərilib təhvil verilən Vircinya sortu tütünün hər tonuna görə isə fermerə 34 manat məhsul subsidiyası ödənilməsi nəzərdə tutulur. Növbəti təsərrüfat ilində müasir suvarma sistemləri ilə təmin olunmuş və təmin olunmamış sahələrdə becərilib təhvil verilən quru tütünün hər tonuna görə isə fermerə analoji olaraq 220 və 200 manat məhsul subsidiyası veriləcək. Yaş tütünə görə analoji olaraq 22 (müasir suvarma) və 20 manat (adi suvarma) məhsul subsidiyasının verilməsi nəzərdə tutulub.