07 noyabr 2024 16:13
223

Bakıda təhlükəsizlik tələblərinə cavab verməyən kranın istismarı dayandırılıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi təhlükəsizlik tələblərinə cavab verməyən qülləli kranın istismarını dayandırıb.

Bu barədə "İki sahil"ə nazirlikdən məlumat verilib.

Bildirilib ki, agentliyin əməkdaşları tərəfindən vətəndaş müraciəti əsasında Bakı şəhəri, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində “Memarlıq Şəhərciyi 2021” MMC tərəfindən aparılan tikinti işlərində istifadə edilən qülləli krana baxış keçirilib.

Məlumata görə, baxış zamanı qülləli kranın istismarında insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.

"Qülləli kranın istismarı zamanı təhlükəsizlik qaydalarına əməl edilmədiyi, o cümlədən texniki nəzarətin təşkili üçün cavabdeh şəxslərin təyin olunmadığı, kranın iş icra layihəsinə uyğun istismar edilmədiyi müəyyən olunub. Aşkar edilmiş pozuntuların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, qülləli kranın istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb. Eyni zamanda, pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın və Agentliyin qərarının surətləri sahibkara təqdim edilib", - məlumatda qeyd olunub.