23 iyun 2026 21:03
113

Mehman Veysəlov Naxçıvanda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, “Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov iyunun 23-də Naxçıvan Muxtar Respublikasının Sədərək Rayon İcra Hakimiyyətinin binasında vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

“İki sahil” xəbər verir ki, qəbul zamanı vətəndaşların müraciətləri əsasən taxılyığan kombaynlarla bağlı lizinq ödənişlərinə güzəştlərin tətbiqi, heyvandarlıq təsərrüfatlarının inkişafı üçün aqrar kreditlərin əldə edilməsi, güzəştli şərtlərlə xırdabuynuzlu və iribuynuzlu heyvanların alınması, eləcə də arıçılıq avadanlıqları ilə təminat məsələləri ilə bağlı olub.

İdarə Heyətinin sədri Mehman Veysəlov hər bir müraciəti diqqətlə dinləyərək qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə həlli üçün müvafiq tapşırıqlar verib. Araşdırma tələb edən məsələlər nəzarətə götürülüb. Nazirliyin fəaliyyət istiqamətinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Görüş zamanı Mehman Veysəlov dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların aqrar sahədə istehsalçıların rifahının yüksəldilməsinə və ölkədə kənd təsərrüfatının davamlı inkişafına mühüm töhfə verdiyini vurğulayıb. Qəbulda iştirak edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Qəbuldan sonra Mehman Veysəlov rayon ərazisində yerləşən fermer Qədimli Fuad Tahir oğluna məxsus 18 hektar kartof sahəsinə baxış keçirib. Görüşdə aqrar sahəyə dövlət dəstəyi tədbirləri və digər mövzularda fikir mübadiləsi aparılıb, fermerləri maraqlandıran suallar cavabalandırılıb.