02 noyabr 2024 13:30
500

İrəvan Dövlət Azərbaycan Dram Teatrında “Səs” tamaşasının məşqinə baxışdan təəssüratlar... - FOTO

İrəvan Dövlət Azərbaycan Dram Teatrında şairə Adilə Nəzərin “Axirətdən gələn səs” pyesi əsasında Əməkdar mədəniyyət işçisi İftixarın lirik, romantik, bir qədər də satirik, qeyri-səlis yozumda birhissəli qəhrəmanlıq dastanı janrında hazırladığı “Səs” tamaşasının proqon məşqinə baxış keçirildi. İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyev preamblua xarakterli çıxışında yeni tamaşanın məna və mahiyyəti, ideya-bədii xüsusiyyətləri, bədii tərtibatı, aktyor heyətinin obrazlar üzərindəki çoxplanlı, çoxxətli variasiyalardan keçən oyun prinsipləri, tamaşanın qeyri-səlis məntiq sistemi ilə ərsəyə gətirilməsinin avanqard üsluba uyğunlaşdırılaraq modern cilddə hazırlanması prosesi barədə müfəssəl açıqlamaları ilə fikir sərgilədi. “Tamaşadakı olayların üç məkanda: arxa plan – ailə, cəmiyyət; orta plan – döyüş meydanı, savaş səhnələri; ön plan – lirik, romantik ovqatlı real və irreal hadisələrin cərəyanı – belə bir konsepsiyada Adilə Nəzərin pyesi əsasında rejissor düşüncəsi və təxəyyülündəki çevik hərəkət mexanizmi ilə pərvazlanan qeyri-səlis yozumla əsəri “Səs” adlandırdıq”, - deyə rejissor mövqeyini aydınlatdı.

Tamaşanın yozum özünəməxsusluğu barədə teatrın ədəbi hissə müdiri Nərminə Ağayevanın düşüncələri: ...baxdığımız tamaşa olduqca təsirli, səmimi, emosional səhnə əsəridir. Aylar əvvəl teatrımızın bədii şurasına müəllifin təqdim etdiyi pyesi müzakirə etmişdik; bu gün isə tamaşa müəllifi İftixarın və aktyor heyətinin ərsəyə gətirdiyi yeni səhnə əsərinin işığına toplaşmışıq. Qarabağ müharibəsinə həsr olunan əsərdəki hadisələr iki ailənin, həm də iki qonşunun övladları Vüsal və İnci arasındakı ülvi, təmiz hissləri, onların vətən və torpaq sevgisini, cəmiyyətə gərəkli övlad olaraq Qarabağ savaşı yolunda mübarizə amallarını əks etdirir. 44 günlük müharibə bizi bir xalq olaraq birləşdirdi; bu qəhrəmanlıq savaşının acılarını hər bir ailədə görmək olur; hər kəs 44 günün ağrılarını yaşayıb. İftixar müəllim “Səs” adlandırdığı tamaşaya rəmzi olaraq həm də “Qisas-44” kod adını təklif etdi. müzaakirə zamanı bu kod adının məhz əsərin qəhrəmanı Vüsalın gerçək kod adı olduğu müzakirədə iştirak edən qəhrəmanın qardaşı tərəfindən ortaya çıxdı. Bu seçim, bu kod yaxşı düşünülüb və tamaşanın ruhuna, konsepsiyasına tam uyğun rəmzdir.    

Rəmzlərdən danışarkən təxminən üç ay əvvəl İrəvan teatrının “Siluet” tamaşasında – İftixar qeyri-səlis məntiqlə hazırladığı ilk səhnə əsərində qeyri-səlis məntiq nəzəriyyəsinin teatr sənətinə sinergetik adaptasiyasını gerçəkləşdirdi. Bu gün isə milli-vətənpərvərlik kontekstində “Səs” adı ilə qurduğu rejissor tamaşasını qeyri-səlisizmin təkanverici enerjini başqa bir sənət arealında daha dolğun, daha zəngin, tam fərqli müstəvidə səhnə vaqeəsinə adaptasiya edir. Tamaşaçıları və iştirakçıları hadisələrin gərgin dinamikasına istiqamətləndirir. Tamaşada qeyri-səlis teatr sistemi təbii ifadə üsulları vasitəsi ilə daha yüksək parametrlərdə təcəssüm edilir. Bu, onu deməyə əsas verir ki, dünya və Azərbaycan dramaturqlarının (hətta Şekspir, Molyer, M.F.Axundov və digər klassiklərin) müxtəlif mövzularda təqdim etdikləri dramaturgiya nümunələrini də qeyri-səlis məntiqin fırçası ilə avanqard tabloya çevirmək mümkündür.

Səhnədə səs, söz, məzmun, yaşantılar, duyğu və hisslərin aqoniyası və polifoniyası eyni dinamika ilə culğalaşır. Bu dinamikanın özü də tamaşanın musiqi həllinin ciddi və həssas təbiəti ilə harmoniyada vahid məcra daxilində yoğrulur. Hər vəziyyətin, hər epizodun və hər detalın mahiyyətinə uyğun seçilmiş və aktyorların canlı ifa etdikləri məşhur xalq mahnıları tamaşanın qəhrəmanlıq ruhunu gücləndirir. İrəvan teatrının modern ifa tərzində qeyri-səlis məntiqlə təqdim etdiyi tamaşa kollektivin yeni sənət uğurudur.

Rejissor Gümrah Ömər: İlk proqon məşq üçün kifayət qədər uğurlu bir nəticəyə baxdıq. Çox asanlıqla düzələcək işıq, dekorasiyalar yerində olsaydı, elə tamaşa kimi də qavraya bilərdik. Bu mənada demək olar ki, tamaşa artıq bitmək üzrədir. Yaradıcı insan, rejissor hər zaman nədənsə narazı qalır. Onunçün daima əbədi iş var.

Mənim üçün çox sevindirici haldır ki, mən bir neçə dəfə “Siluet” tamaşasına baxdım; sonra “İrəvanda yanan çıraq” tamaşasını hazırladıq. Yaxşı mənada düşünməli məsələdir: bu necə olur ki, bir teatr həm öz konsepsiyasından, öz ideologiyasından kənara getmədən, son dərəcə çağdaş, riskli, gözlənilməz üsullara əl ata bilir. Bu, mənim üçün İrəvan teatrında ən qiymətli amillərdən biridir. Bunu müəllim özü də, öz yaradıcılığı ilə, öz zəhməti ilə edə bilir. Ona görə müəllimə təşəkkürümü bildirirəm. Bu, çox qiymətlidir. Kaş ki, hər zaman belə tədbirlər olsun, çünki bu teatrın ruhunda vətənpərvərlik var, bu teatrın tarixində milli-mənəvi dəyərlərimizə son dərəcə açıq və bəzən hətta həddən artıq açıq formada belə yanaşılması teatrın ənənəsi olub.

Və son dönəmlərdə çox teatrlardan fərqli olaraq müasir teatr, modern teatr üslublarına, müasir teatr düşüncəsi üçün yeni sistemlə tamaşa qurmağa bir qədər geniş yer ayırması həqiqətən sevindiricidir. Yenə mən aktyorlarımızı sevməyə başladım və həqiqətən onları ləyaqətli, pafosdan kənar, insanı hürkütməyən və bunlar həqiqətən də çox zəhmət tələb edən və müəllim tərəfindən işlənilən məsələlərdir və məncə bunu belə də davam etdirmək lazımdır.

Təbii ki, tamaşa çox duyğusaldır, hamımıza hər mənada toxunan tamaşadır. Buna baxmaq belə, bunu hisslər baxımından rahat qəbul etmək asan deyil, çox sivridir, insanı hər an silkələyir. Düşünürəm ki, bunun üçün peşəkarlıq, sənətkarlıq nə qədər önəmli yerdə dursa da belə, milli heysiyyat, milli sevgi bu məsələni ancaq o dəyərlərdə, o səviyyədə həssas, duyğularımıza toxunacaq səviyyədə, eyni zamanda onu çox incə, zövqlü təqdim etmək, məncə sözün həqiqi mənasında bir kübarlıq məsələsidir.

Təbii ki, tamaşa barəsində çox şey danışmaq olar; o planlarla necə işləyibdir, yaxud da o elementləri, rekvizitləri simvolik olaraq öz ilkin baxışından daha başqa mənalara çevrilmək potensiyası və bəzən aktyorların bütün məkanı necə səmərəli istifadə etməsi sözün yaxşı mənasında həqiqətən, inşallah bizə müəllimin təklif elədiyi səhnə modeli, dumanın içində, o sallofanların içində yağış, duman, birinci, ikinci, üçüncü məkan nisbətində mənə elə gəlir ki, tamamilə öz həqiqi imkanlarını teatr sehrini yaratmağa birbaşa xidmət eləyəcək.

Adilə xanım, sizin yerinizə çox sevinirəm. Yaxşı mənada sizin əsərinizin ruhunu gerçəkləyir. Ədəbiyyat teatr demək deyil, ona sənətkar əli dəyməsə, istedadlı insanların ruhu, nəfəsi ona toxunmasa, o, teatr ola bilməz. Buna görə də mən çox sevinirəm. Mən İftixar müəllimin əsərini tamaşaya qoymuşam. İftixar müəllimdə görmüşəm o geniş ürəkliliyi ki, rejissora imkan verir o, öz əsərini yaratsın.

Müzakirədə iştirak edən şair-yazıçı Yusif Nəğməkar: İnsan təbiətin bir hissəsidir və insan özü barometrdir. Əgər mən təsirlənirəmsə, deməli orda nəsə var. Mən burda çox təsirləndim, niyə? Həzin bir musiqidən, təsirli bir fikirdən, yaxşı tamaşadan hər zaman kövrəlirəm. Tamaşa məni kövrəltdi. Kövrəltdisə, demək bu əsərdir. Əsərdisə müasir və realdır. Fantaziyadan, romantikadan, tərənnümdən istifadə olunsa belə, həyat həqiqəti var burda. O həyat həqiqəti insanı kövrəldir. 44 günlük müharibədə Müdafiə Nazirliyinin xətti ilə biz qələm əhlini Qarabağa göndərdilər. Orada mən nələri görmüşdümsə, sanki onların qısa variantını burda gördüm. Bax, əsər budur. Çox gözəl seçmisiniz adı – Səs. Qəlbimizin səsi, vətənin səsi, xalqın, millətin səsi. O dövrdə xor oxudu millətimiz. Səhnədən də belə eşidildi...

İftixar istedadlı sənətkardır, onun düşüncəsində, onun görümündə, yəni həyatı səhnədə göstərə bilir, bu İftixarın fərqli cəhətidir. Tamaşada elə nüanslar gördüm ki, bunlar rejissorun kəşfidir. Burda bir neçə kəşfin şahidi oldum. Aktyorlar çox gözəl oynadılar. Əsərin müəllifi Adilə xanım çox istedadlı şairəmizdir. Amma bu istedadın üzərinə istedadlı rejissorun təfəkkürü, düşüncələri gəlir. Hesab edirəm ki, bu tamaşa çox böyük uğur qazanacaq. Tamaşanın bir gücü də onun müasirliyindədir. Bir az dərin düşünə bilirsən, bu öz yerində, amma əsər müasir deyilsə, heç vaxt sevilməz. Bu tamaşa da səs salacaq.

Səhnə əsərinin baş qəhrəmanı Vüsalın qardaşı Elyar İslamoğlu da tamaşa barədə öz ürək sözlərini söylədi: Mən sanki tamaşaya yox, elə həmin hadisələrin özünə baxdım. Tamaşada bizim ailəni canlandırdığınıza görə çox kövrəldim. Vüsal evə gələndə atam, anam, bacılarım necə sevinirdilərsə, tamaşada da sanki onların hər birini canlı görürdüm. Unudulmaz generalımız Polad Həşimov qardaşımın sevimli komandiri idi. Siz bütün hadisələri çox dəqiqliklə təqdim etdiniz. Hamıya ailəmiz adından təşəkkür bildirirəm. Qonaqlar arasında olan əsərin müəllifi Adilə Nəzər, yazıçı Həcər Paşayeva da bu möhtəşəm tamaşa münasibətilə yaradıcı heyəti təbrik etdilər, kollektivə uğurlar arzuladılar.

Tədbirin sonunda quruluşçu rejissor İftixar Piriyev tamaşanın baxışında iştirak edənlərə öz təşəkkürlərini bildirdi: Bu, İrəvan teatrında yeni üslublu avanqard tamaşadır. Gümrah Ömər də avanqardist rejissordur. Bu yaxınlarda onun hazırladığı Hidayətin “İrəvanda yanan çıraq” tamaşasının modern rejissor yozumunu seyr etdik.

Adilə xanıma təşəkkür edirəm ki, teatrımıza milli-vətənpərvərlik ruhlu belə bir əsər təqdim edib. Təbii ki, dekorlar, işıqlar, müxtəlif teatr ifadə vasitələri mükəmməl təqdimatı ilə daha parlaq görünəcək. Biz generalımızın anası Səmayə ananın bədii obrazını səhnəyə gətirdik. Gəncə lalələrinin assosiasiyasını yaratmaq üçün rəmzi kiçik şəkillərdə göstərməli olduq. Tamaşada bir çox rəmzlər öz yerini tapacaqdır.

Milli-mənəvi dəyərlərimizin daha zəngin, daha teatral elementləri, bunlar bizim hələ dərinliyinə qədər gedib çata bilmədiyimiz məqamlar, istiqamətlərdir, o istiqamətlər ki, böyük Lütfü Zadə qeyri-səlis məntiq, qeyri-səlis çoxluqlar nəzəriyyəsi ilə bizə ötürübdür. Mənim elmlər doktoru dissertasiyam “Qeyri-səlis məntiq nəzəriyyəsinin teatr sənətinə sinergetik adaptasiyası” adlanır. ”Siluet”dən başladıq, burada başqa bir pilləyə qədəm qoyduq. Bu, bir növ sanki nəzəri düşüncələrin, elmi-nəzəri istiqamətlərin praktiki gerçəkliyidir. Yəni nəzəriyyə praktika ilə qovuşa bilir.

Əlbəttə ki, biz mükəmməl səhnədə bunları məşq etsəydik, hazırlasaydıq, bu izahlara da ehtiyac qalmayacaqdı. Əsas odur ki, siz burada İrəvan teatrının yaradıcı kollektivinin potensial imkanlarından daha çox, layiqli, istedadlı kollektiv olduğunu dilə gətirdiniz. Adilə xanımın pyesində Vüsalın dediyi bir söz var ki, “burada nə qədər yaxşı olmaq ola bilərsə, o qədər yaxşıyam”. Bu səhnədə də aktyorlar nə qədər özünüifadə edə bilmək imkanı varsa, o qədər ifadə etdlər. Amma təbii ki, premyera daha sanballı, daha monumental, daha gözəl, daha fundamental olacaq və biz tamaşanı ölkəmizin bir neçə səhnələrində oynamaq niyyətindəyik. Hətta arzu edərdim ki, Adilə xanımın vətəni Naxçıvanda da oynanılsın bu tamaşa.

Zamin Məmmədov, “İki sahil”