Şəki şəhər Heydər Əliyev Mərkəzində akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş “Azərbaycan neft kimyasının banisi: Yusif Məmmədəliyev” mövzusunda elmi-praktiki konfrans keçirilib.
“İki sahil” xəbər verir ki, Şəki Şəhər İcra Hakimiyyətinin, şəhər Heydər Əliyev Mərkəzinin və Şəki Regional Elmi Mərkəzin birgə təşkilatçılığı ilə keçirilən konfransda çıxış edən şəhər icra hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xəyalə Töhrablı görkəmli alim Yusif Məmmədəliyevin həyat və fəaliyyəti, dünya elminə bəxş etdiyi zəngin irs barədə geniş məlumat verib. Bildirilib ki, akademik Yusif Məmmədəliyevin qiymətli sənaye məhsullarının alınması üçün böyük tətbiqi əhəmiyyətə malik texnoloji proseslərin işlənib hazırlanmasında müstəsna xidmətləri olub. Respublikada bir sıra elmi müəssisə və qurumların təşkili onun adı ilə bağlıdır. Geniş spektrli fundamental tədqiqat işlərini səmərəli pedaqoji fəaliyyətlə paralel surətdə davam etdirən Yusif Məmmədəliyevin formalaşdırdığı Azərbaycan neft-kimya məktəbi ölkənin hüdudlarından çox-çox uzaqlarda tanınıb.
Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin akademik Yusif Məmmədəliyevin 120 illiyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncama uyğun olaraq, bu il ölkəmizdə, o cümlədən Şəki şəhərində görkəmli alimin yubileyinə həsr olunmuş muxtəlif tədbirlər keçirilib.
Konfransda, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlünün “Alman faşizminə qarşı mübarizənin taleyini dəyişən azərbaycanlı alim - akademik Yusif Məmmədəliyev” və Regional Elmi Mərkəzin elmi katibi Vəfa Atayevanın “Neft-qaz kimyası və texnologiyasında Yusif Məmmədəliyevin rolu” mövzularında məruzələri dinlənilib
Sonda akademik Yusif Məmmədəliyevin həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş olunub.