30 oktyabr 2024 17:04
77

COP29 çərçivəsində tibbi xidmətlərin təşkilinə həsr olunmuş brifinq və mediatur keçirilib

Oktyabrın 30-da Yeni Klinikada COP29 çərçivəsində tibbi xidmətlərin təşkilinə həsr olunmuş brifinq və mediatur keçirilib. 

“İki sahil” xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, səhiyyə nazirinin müavini Nadir Zeynalov, tabeli tibb müəssisələrinin rəhbər heyəti, TƏBİB-in İcraçı direktorunun müavinləri, müşavirləri və struktur bölmə rəhbərləri, eləcə də media nümayəndələrinin və ictimai xadimlərin iştirakı ilə keçirilən brifinqdə tibbi xidmətlərin təşkili ilə bağlı ətraflı məlumatlar təqdim olunub.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov brifinqdə COP29 tədbiri günlərində tibbi xidmətlərin keyfiyyətli şəkildə təmin olunması üçün zəruri olan fəaliyyətlərin yüksək səviyyədə təşkil edildiyini bildirib: “Dünyanın ən mötəbər tədbirlərindən biri olan COP29 Azərbaycana bütün sahələrdə bir sıra dividendlər qazandıracaq, ölkəmizin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini verəcək. Belə miqyaslı tədbirin keçirilməsi üçün Azərbaycanın bütün dövlət və özəl qurumlarının üzərinə böyük məsuliyyət düşür. TƏBİB digər səhiyyə qurumları ilə yanaşı, zəruri tibbi xidmətləri keyfiyyətli şəkildə təşkil edib. Qeyd etməliyəm ki, bu istiqamətdə Səhiyyə Nazirliyi və COP29 Əməliyyat şirkəti ilə də koordinasiyalı olaraq çalışmışıq. TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin hər birinə baxış keçirilib və müəssisələrimiz zəruri tibbi xidməti təmin edə bilmək üçün hazır vəziyyətə gətirilib.

Yeni Klinikanın Təcili və təxirəsalınmaz tibbi yardım, uşaq təcili tibbi yardım, stasionar, reanimasiya şöbələri və əməliyyatxanası tibbi xidmətə zərurət ehtimalını nəzərə alaraq tədbir üçün ayrılıb. Sabunçu Tibb Mərkəzinə təhkim edilən Məhəmmədi modul tipli xəstəxanada reanimasiya və stasionar tipli olmaqla fövqəladə hallar üçün 370 çarpayı təmin edilib. Hava-damcı yolu ilə yayılan infeksion xəstəliklərlə yoluxanlara keyfiyyətli xidmət üçün Kliniki Tibbi Mərkəzin nəzdində modul tipli xəstəxanada 10 çarpayı ayrılıb. Mərkəzi Neftçilər Xəstəxanasında bütün zəruri tibbi avadanlıqlarla təchiz olunmuş Yanıq şöbəsi yaradılıb. Zəhərlənmə ehtimalları üzrə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müvafiq tibbi xidmətin göstərilməsi üçün çarpayılar ayrılıb”.

V.Qurbanov  tədbir zamanı təcili tibbi yardım göstərəcək briqadalar barədə də məlumat verib: “60 briqada (həkim, orta tibb işçisi, sürücü daxil olmaqla), eləcə də 60 ədəd yeni ambulans ayrılıb ki, onun da 3-ü elektromobildir. Onu da qeyd edim ki, COP29 tədbiri ilə bağlı həm ayrılmış otellərdə, həm də tədbirin keçiriləcəyi məkanda təcili və təxirəsalınmaz tibbi yardım briqadaları xidmət edəcək. Bütün nöqtələr üzrə ambulanslar hərəkət edəcəyi halda isə, əvəzedici ambulansların təhkim olunması nəzərdə tutulub”.

TƏBİB-in İcraçı direktoru qeyd edib ki, təcili və təxirəsalınmaz tibbi yardım (TTTY) xidməti göstərəcək heyət üçün nəzərdə tutulan təməl həyat dəstəyi / təkmil həyat dəstəyi üzrə təlimlər keçirilib, 448 nəfər həkim, orta tibb işçisi və sürücü olmaqla bu təlimləri uğurla başa vurub. Xarici qonaqlarla daha rahat kommunikasiyanı təmin edə bilmək üçün 331 nəfər ingilis dili kurslarına cəlb olunub.

Səhiyyə nazirinin müavini Nadir Zeynalov çıxış edərək COP29 tədbiri günlərində tibbi xidmətin yüksək səviyyədə təşkil olunması üçün bütün səhiyyə qurumlarının koordinasiyalı şəkildə fəaliyyət göstərdiyini bildirib: "Əminəm ki, bu missiyanın öhdəsindən uğurla gələcəyik. Həm TƏBİB-in, həm Səhiyyə Nazirliyinin tabeli tibb müəssisələri, həm də özəl xəstəxanalar olmaqla toplam 9 xəstəxanada tibbi xidmətin təşkili üçün işlər görülüb.

10 minlərlə qonağın şəhərimizə gələcəyini nəzərə alaraq yaranmış təcili hallarla əlaqədar müalicə tədbirləri ilə yanaşı, profilaktika istiqamətində də işlər görülüb. Gələn şəxslər arasında epidemik xəstəlik daşıyıcıları da ola bilər. Bunun üçün Beynəlxalq Hava Limanında termometrlər quraşdırılacaq ki, ilkin mərhələdə hərarət ölçülsün. Daha detallı müayinə üçün  zəruri diaqnostik testlərlə də təmin olunmuşuq. Şübhəli vəziyyət olarsa, həmin şəxslər təcrid olunaraq tez müalicəyə cəlb olunacaq. Hazırda poliklinikalarda qrip əleyhinə peyvəndlənmə də davam etdirilir, bu da COP29 tədbirində xidmət edəcək vətəndaşlarımız arasında qrip xəstəliklərinin ağırlaşmalarının və yayılmasının qarşısının alınmasına kömək edəcək. Mehmanxanalarda, ictimai iaşə obyektlərində də epidemik xəstəliklərin yayılmasının qarşısını almaq üçün dezinfeksiya işləri də aparılacaq".

Sonda TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov geniş təqdimatla çıxış edərək həm xəstəxanalarda tibbi xidmətin təşkilindən, həm də təcili tibbi yardım briqadalarının təhkim olunduğu ərazilərdən bəhs edib: “Yarana biləcək təcili halları nəzərə alaraq təcili tibbi yardım xidmətinin işinin düzgün qurulması çox önəmlidir. Bu məqsədlə “103” Çağrı Xidmətində ingilis dilini bilən işçilərin növbəli fəaliyyəti təşkil olunub, 60 briqada hazır vəziyyətə gətirilib, Heydər Əliyev adına Beynəlxalq Aeroportda, Heydər Əliyev Mərkəzində, Atletlər kəndində, “Koroğlu”, “28 May”, “Elmlər Akademiyası” metrostansiyalarında, eləcə də qonaqların məskunlaşdığı ərazilərdə tibbi xidmətin göstərilməsi üçün həkim məntəqələri təşkil edilib.

A.Nəsirov bildirib ki, qonaqların məskunlaşacağı hotel və mehmanxanalarda təcili tibbi yardım xidməti təşkil edilib, tədbirin keçiriləcəyi məkan və ərazilər üzrə ambulanslar, tibbi heyət ayrılıb, Bakı Olimpiya Stadionuna ambulanslar təhkim olunub və COP29 Qərargahında növbətçilik təşkil olunub”.

Brifinqdə media nümayəndələrinin aidiyyəti üzrə sualları cavablandırılıb. Daha sonra Yeni Klinikada yaradılan şəraitlə əyani tanışlıq baş tutub, eləcə də tədbir üçün ayrılan ambulanslara baxış keçirilib.