30 oktyabr 2024 16:45
80

Bakıda yaşayış binasında yanğın olub, 10 nəfər təxliyə edilib

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən “İki sahil”ə verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən onaltımərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən mənzildə yanğın baş verdiyi və genişlənərək digər mənzillərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 173kv.m. olan dördotaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 16kv.m. sahədə yanıb.

Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Təhlükəsizlik tədbirləri çərçivəsində 10 nəfər bina sakini təxliyə edilib.