30 oktyabr 2024 17:10
619

Niyə bəzi insanlar çox zəif, bəziləri isə yüksəkdən asqırırlar?

Bəzilərimiz asqıranda elə asqırıq ki, bütün məhəllə bunu hiss edir. Pəncərələr titrəyir, küncdə yatan pişik yerindən tullanır, televizorun qarşısında dincələn qonşularınız “Nə baş verir?” deyə ətrafa baxırlar. Bəs, niyə bəzilərimiz yüksəkdən bəzilərimiz isə olduqca sakit asqırıq?

Asqıranda nə baş verir?

Bir məqamı unutmayaq ki, asqırmaq orqanizm üçün vacib bir fəaliyyətdir. Hyuston Metodist Akademik İnstitutunun Otolarinqologiya və Baş və Boyun Cərrahiyyəsi Departamentinin rəhbəri Mas Takashima deyib ki, burun ağciyərlər üçün hava filtridir. Burnumuzun içərisində epitel hüceyrələrinin sıx bir şəbəkəsi (bədənin hər yerində tapılan çoxməqsədli hüceyrə), kiçik tüklər və qalın selik var. Bu elementlər ağciyərləri qorumaq üçün xaricdən gələn hissəcikləri tutur. Burnumuzda həmçinin immun hüceyrələri də var. Bu hüceyrələr asqırmağa səbəb olan birləşmələrin sayı çox olduqda aktivləşir.

Mançester Universitetinin İmmunologiya kafedrasının professoru Sheena Cruickshank mövzu ilə əlaqədar belə deyib: "Bu immun reaksiya nəticəsində buraxılan bəzi kimyəvi maddələr burnumuzun selikli qişasında dəyişikliklərə səbəb olur. Bu dəyişikliklər xüsusilə yayda çiçək tozlarından təsirlənən və ya qışda bəlğəm problemləri ilə mübarizə aparanlar üçün tanışdır. Orqanizm daha çox selik istehsal edir, burun şişməyə başlayır və üzün hissiyyatını təmin edən trigeminal sinir (üçlü sinir) vasitəsilə beyinə siqnallar göndərilir. Bu siqnal beynimizin bazasında yerləşən medulla oblongata adlı bir bölgə tərəfindən əzələ gərilməsi refleksinə səbəb olur. Asqırmanın səbəbləri fərqli olsa da, bir virusun çiçək tozlarından daha yüksək səslə asqırmağa səbəb olmasına əsas vermir.”

Niyə bəzi asqırıqlar daha güclü olur?

Asqırmanın yüksəkliyi tənəffüs sistemimizin quruluşundan asılıdır. Takashimanın dediyi kimi, asqırma refleksinin ilk mərhələsi dərin nəfəsdir. Nəfəs aldığımız hava yad hissəcikləri xaric etmək üçün istifadə olunur. Hava ağciyərlərimizə daxil olduqda, səs tellərimiz sıx bağlanır. Ağciyərlərdə kifayət qədər təzyiq yarandıqda, bütün hava xaric olur. Bu zaman hava səs tellərini itələyir və asqırma yaranır. Səs tellərimizin və boğazın arxasındakı digər yumşaq toxumaların forması asqırmağımızın sakit və ya yüksək səsli olmasına təsir edir. Ağciyərin həcmi asqırma zamanı sinəmizə nə qədər havanın girib çıxdığını müəyyən edir. Yəni, ağciyərdən başqa heç bir fiziki ölçü vasitəsi asqırma həcmini proqnozlaşdıra bilməz. M.Takashima əlavə edib ki, ağciyər həcmi böyük olan bəzi insanlar çox zəif asqırırlar.

Bəs, necə səssiz asqıra bilərik?

M.Takashima qeyd edir ki, mədəni dəyərlərin üstün olduğu Yaponiyada başqalarını narahat etməməyə görə insanlar asqırmağı boğmağı bacarırlar. Bu zaman əsas məqam ağız boşluğunuzdan axan rezonans enerjisinin miqdarını minimuma endirmək və sadəcə olaraq ağzınızı bağlamaq vacibdir. Bu, asqırmağınızın həcminin azalacağına səssizliyinə səbəb olacaq.

Bəs, həqiqətən problemin həlli bu qədər sadədir? Tibbi ədəbiyyata nəzər salsaq görərik ki, asqırmağı boğmaq həddindən artıq pis bir fikir kimi qeyd olunur. Belçikanın Liege şəhərindəki bir xəstəxanada aparılan araşdırma bu vəziyyətin vacibliyini sübut edir. COVID-19 pandemiyasının çox yayıldığı dövrdə, 38 yaşlı bir kişi asqırmağını boğduqdan sonra üzündə ağrı və şişkinlik olduğunu bildirib. Müayinə zamanı onun sinusunun çatladığı məlum olub. Takashimanın bu barədə fikri çox da fərqli deyil: "Asqırmağı boğmaqla, burun qanaması kimi bəlkə də qulaq pərdənizdə problemlər yarada bilərsiniz."

Vüsal Chanov, “İki sahil”