15 may 2026 19:02
75

"Sonsuz sürüşdürmə"yə qarşı yeni funksiya təqdim edilib

"Google" istifadəçilərin sosial şəbəkələrdə və mobil tətbiqlərdə həddindən artıq vaxt keçirməsinin qarşısını almağa yönəlmiş yeni funksiyasını təqdim edib. Şirkətin "Pause Point (Dayanma nöqtəsi)" adlandırdığı bu alət istifadəçiləri tətbiqləri açmazdan əvvəl bir anlıq dayanıb düşünməyə təşviq edir.

Yeni funksiya seçilmiş tətbiqlər açılmazdan əvvəl 10 saniyəlik gecikmə yaradır. "Google" bildirir ki, məqsəd istifadəçilərin özlərinə "Mən niyə bu tətbiqə daxil oluram" sualını verməsinə şərait yaratmaqdır. Şirkətin fikrincə, bu yanaşma xüsusilə "sonsuz sürüşdürmə" vərdişinin qarşısını almağa kömək edə bilər.

Açıqlamada qeyd olunur ki, həmin qısa gözləmə müddətində istifadəçilər nəfəs məşqləri edə, ekrana baxmağa sərf etdikləri vaxtı məhdudlaşdırmaq üçün saniyəölçən qura və ya fərqli fəaliyyətlərə yönələ bilərlər. Məsələn, sosial şəbəkə əvəzinə audiokitab tətbiqlərindən istifadə etmək və ya şəxsi fotoşəkillərə baxmaq tövsiyə olunur.

"Google" vurğulayır ki, tətbiqləri tam bloklayan və ya istifadəyə sərt məhdudiyyət qoyan sistemlər hər zaman praktik olmur. Şirkət bu səbəbdən daha balanslı yanaşma seçdiyini bildirir. Məqsəd istifadəçiləri tətbiqlərdən tam uzaqlaşdırmaq deyil, onların daha şüurlu və məqsədli istifadəsini təşviq etməkdir. Qeyd olunur ki, istifadəçilər bu funksiyanı hansı tətbiqlərdə aktiv etmək istədiklərini özləri seçə bilirlər. Bununla yanaşı, funksiyanı söndürmək də asan deyil. “Pause Point”i  deaktiv etmək üçün telefonun yenidən başladılması tələb olunur. "Google" hesab edir ki, bu addım istifadəçilərin funksiyanı söndürməzdən əvvəl bir daha düşünməsinə səbəb olacaq.

Yeni funksiya şirkətin son dövrdə təqdim etdiyi digər yeniliklərlə birlikdə elan olunub. Bunlardan biri də “Googlebook” adlı yeni "Chromebook" yenilənməsidir. Şirkət bu layihə ilə "noutbuk" anlayışına yenidən baxmağı hədəflədiyini açıqlayıb. "Google" bildirib ki, "Chromebook" ilk dəfə 15 ildən artıq müddət əvvəl bulud əsaslı sistemlər üçün hazırlanmışdı. İndi isə şirkət süni intellekt texnologiyalarının inkişafı fonunda ənənəvi əməliyyat sistemindən “intellekt sistemi” modelinə keçid etdiyini vurğulayır. Yeni cihazların əsasını isə "Gemini" adlı süni intellekt platforması təşkil edir.

Şahnigar Əhmədova, "İki sahil"