29 oktyabr 2024 09:36
215

Ağdam şəhərində daxili yolların tikintisi sürətlə və keyfiyyətlə icra olunur

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Ağdam şəhərinin daxili yollarının tikintisini sürətlə və keyfiyyətlə icra edir.

“İki sahil” AAYDA-ya istinadla xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təsdiq etdiyi Ağdam şəhərinin Baş planına əsasən şəhərin daxili yollarının ümumi uzunluğu 189,7 kilometrdir.

Şəhərin daxili yol-kommunikasiya şəbəkəsinin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub.

Ağdam şəhərinin daxili yollarının 6 tip en kəsiyinə uyğun tikilməsi nəzərdə tutulub. Hər bir tip en kəsiyinin əhəmiyyətinə uyğun olaraq, hərəkət zolaqlarının sayı 2-8 ədəd, yaşıllıq zolağının eni 1,5-3 metr, velosiped zolağının eni 1,5 metr, piyada zolağının eni isə 4-6 metr təşkil edir.

Layihə üzrə magistral şəhər yollarının uzunluğu 17,5 kilometrdir. Eni 55-60 metr təşkil edəcək bu yollar 6-8 hərəkət zolağından ibarət olacaq. Ümumşəhər əhəmiyyətli yolların uzunluğu 50, yerli əhəmiyyətli yolların ümumi uzunluğu isə 122,2 kilometr təşkil edəcək.

Hazırda tikinti işləri birinci mərhələdə uzunluğu 58,7 kilometr təşkil edən hissə üzrə aparılır. Bu çərçivədə hazırda sözügedən hissədə torpaq yatağı və yol əsasının inşası işləri həyata keçirilir. Yol əsası hazır olan hissələr asfalt-beton örtüyünün döşənməsi işlərinə start verilib.

Bundan başqa küçələr boyu Ağdam şəhərinin kommunikasiya xətlərinin (su, kanalizasiya, yağış suları boruları, qaz, rabitə və elektrik xətləri) tikintisi işləri də icra olunur.

Qeyd edilən hissə üzrə fiziki tərəqqi ümumilikdə 70 % təşkil edir.

Tikinti-bərpa işləri “İnşaat Norma və Qaydaları”na uyğun həyata keçirilir.

"İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq Ağdam şəhərinin daxili yollarının tikintisi 2026-cı ildə başa çatdırılması nəzərdə tutulur.