Vətən tarixinin hər mərhələsi, vətən torpağının hər qarışı, vətənlə bağlı olan hər bir söz və əməl hər bir vətənpərvər insan çox əziz, doğma, dəyərli və önəmlidir. Vətən haqqında, torpaq haqqında, millət haqqında, dünyada yaşayan bütün soydaşlarımız üçün müqəddəs ocaq sayılan böyük və bütöv Azərbaycan haqqında ülvi fikirlər söyləyən görkəmli şəxsiyyətlərimizin, tanınmış ictimai-siyasi və dövlət xadimlərimizin xalqımız üçün aşıladığı yüksək ideyalar sayəsində biz bu gün müstəqil Azərbaycan Respublikasının vətəndaşlarıyıq. Biz həm də vətən, millət naminə öz canlarından, qanlarından keçərək, müqəddəs şəhidlik zirvəsinə yüksələn neçə-neçə qəhrəman oğul və qızlarımızın bizim üçün, gələcək nəsillər üçün əmanət etdikləri suveren Azərbaycan dövlətinin azad vətəndaşlarıyıq. Bütün bunlar hər bir Azərbaycan vətəndaşında fəxr, qürur, sevinc və məmnunluq hissləri yaradır. Axı biz həm də tarixdə tarix yaradan, tarixi hadisələrə şahidlik edən, tarixi qələbəyə imza atan, tarixin gedişatını ədalətli şəkildə dəyişərək, sülh və sabitlik adasını yaratmağı bacaran qədim məmləkətin zəfər çalmış vətəndaşlarıyıq!
Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti, dinamik fəaliyyəti, mükəmməl idarəetmə qabiliyyəti nəticəsində böyük uğurlara müvəffəq olan Azərbaycan Respublikasında şəhər günlərinin qeyd edilməsi artıq bir ənənə halını alıb. Ölkədə, xüsusən də Qarabağda aparılan genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərinin fonunda şəhər günlərinin təntənəli şəkildə qeyd edilməsi çox təbii və təqdirəlayiq bir hadisədir. Bu baxımdan, işğaldan azad edilən Cəbrayılda da şəhər gününün qeyd edilməsi mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə, dövlət başçısının müvafiq sərəncamları əsasında işğaldan azad edilən dədə-baba torpaqlarımızda qeyd olunan şəhər günlərinin xüsusi önəmi var.
Cəbrayıl təkcə inzibati ərazi vahidi deyil. Cəbrayıl həm də qədim yaşayış və mədəniyyət mərkəzlərindən biridir. Cəbrayılın görkəmli şəxsiyyətləri, tanınmış insanları, qəhrəman oğul və qızları ölkəmizin hərtərəfli inkişafına böyük töhfələr vermişlər. Azərbaycanın ictimai-siyasi, elmi-pedaqoji, ədəbi-mədəni həyatında Cəbrayıl ziyalılarının yeri və rolu danılmazdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin peşəkar rəhbərliyi ilə inkişaf edən, dünyada kifayət qədər tanınan və dəyərləndirilən Azərbaycan Respublikasının hər bir şəhər və kəndində böyük işlər görülür. Bu işlər Azərbaycanın xoşbəxt gələcəyi üçün, daim müstəqil və qüdrətli bir dövlət olması üçün həyata keçirilən vacib və əhəmiyyətli işlərdir. Bu baxımdan, Cəbrayılın dirçəlişi istiqamətində atılan bütün addımlar, görülən işlər və qarşıda duran vəzifələr cənab Prezidentin yorulmaz fəaliyyətinin tərkib hissəsidir və bu fəaliyyətə görə biz ölkə başçısına minnətdar olmalıyıq.
Bəli, bu gün azad Azərbaycanın əbədi səadətə qovuşan bütün şəhərlərində şəhər günlərinin sədaları yüksəlir. Qədim və müasir Cəbrayıl bu sədaların qanadlarında uçaraq, Araza, Xudafərinə, müqəddəs Qarabağa qol-qanad, ürək-dirək verir.
Şükran Mustafayev,
Bakı şəhəri 254 nömrəli tam orta məktəbin direktor müavini,
YAP Xətai rayon təşkilatının üzvü