26 oktyabr 2024 12:07
204

Türkiyəli nazir: İran və Liviya “İnkişaf yolu” layihəsinə maraq göstərir

İran və Liviya hökumətləri İraqın neftlə zəngin cənub bölgələrini Türkiyə ilə birləşdirəcək nəqliyyat və logistika sisteminin yaradılmasını nəzərdə tutan “İnkişaf yolu” layihəsinə qoşulmaq arzusunu bildiriblər.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.

Nəqliyyat naziri qeyd edib ki, “İnkişaf yolu” layihəsi çərçivəsində İraqın Fao limanından Türkiyə ilə sərhəddə yerləşən Ovaköy rayonuna ümumi uzunluğu 1200 kilometr olan dəmir və avtomobil yolları çəkiləcək. Türkiyə ərazisində 727 kilometr dəmir yolu və 360 kilometr avtomobil yolu çəkiləcək ki, bu da ümumilikdə Asiya ilə Avropa arasında mal mübadiləsini xeyli asanlaşdıracaq.

Nazir bildirib ki, ümumi dəyəri 20 milyard ABŞ dolları olan layihə çərçivəsində dörd ölkə - Türkiyə, İraq, BƏƏ və Qətər müştərək fond yaratmağı planlaşdırır. Fondun mərkəzi ofisi Ankarada yerləşəcək. Yeni fondun vəzifəsi layihəyə beynəlxalq maliyyə təşkilatlarından investisiyaların cəlb edilməsi olacaq.

Mövzunu davam etdirən Uraloğlu oktyabrın 31-də Bağdadda 4 ölkənin iştirakı ilə sammitin keçiriləcəyini bildirib. “Türkiyə nümayəndə heyəti qarşıdakı müzakirələrə hazırlaşmaq üçün 10 gündür İraqda səfərdədir”, - deyə türkiyəli nazir qeyd edib.

O, “İnkişaf yolu” layihəsinin yeni “İpək yolu”nun tərkib hissəsi olacağını və mərhələli şəkildə həyata keçiriləcəyini, birinci mərhələdə 9-10 milyard dollar həcmində tikinti işlərinin nəzərdə tutulduğunu bildirib.

Eyni zamanda, Uraloğlu etiraf edib ki, İraqın özündə də parçalanma səbəbindən layihənin icrası ləngiyir. “İraq Kürd Regional Administrasiyası Türkiyə sərhədinə gedən marşrutun öz ərazisindən keçməsinin, Bağdaddakı mərkəzi hakimiyyət isə Ovaköy bölgəsində dövlət sərhədinin hökumətin nəzarətində olan hissəsindən keçən marşrutun tərəfdarıdır. Çətinliklərə baxmayaraq, biz bu layihəni davam etdirəcəyik”, - deyə nəqliyyat naziri iştirakçıları əmin edib.

Türkiyəli nazir Yeni Dehlinin Hindistan-Yaxın Şərq-Avropa (IMEC) nəqliyyat dəhlizinin yaradılması təşəbbüsü ilə paralellər aparıb. O əlavə edib: “İnkişaf yolu” təşəbbüsü Hindistanın G20 sammitində elan etdiyi IMEC layihəsindən faydalı şəkildə fərqlənir. Bizim təşəbbüsümüzlə nəqliyyat dəhlizinin infrastrukturunun formalaşdırılması planı var. IMEC üçün isə belə bir hazırlıq yoxdur”.

Xatırladaq ki, Türkiyə ilə İraq arasında “İnkişaf yolu” layihəsinin həyata keçirilməsinə dair Saziş Prezident Rəcəb Tayyib Ərdoğanın bu ilin aprelində Bağdada səfəri çərçivəsində imzalanıb.