İsrail İrana ikinci zərbə endirib.
“İki sahil” “The Yeruselim Post”a istinadla xəbər verir ki, zərbəyə Şiraz şəhəri məruz qalıb. Şənbə günü səhər şəhərdə partlayış səsləri eşidilib.
Qeyd edək ki, daha əvvəl yerli və xarici mətbuat Tehranda partlayış səslərinin eşidilməsi barədə xəbərlər yayıblar. Sonra məlum olub ki, İsrail İrana iki dəfə hava zərbəsi endirib. İkinci zərbə Şiraz şəhərinə endirilib.
Nəşrin yazdığına görə, İsrailin Hərbi Hava Qüvvələri İrana gecə hücumu zamanı 100-dən çox təyyarədən istifadə edib: "100-dən çox təyyarə, o cümlədən F-35 qırıcıları İrana 2 min km məsafədə hücumda iştirak etdi".
Qeyd edilir ki, İsrailin Hərbi Hava qüvvələri hücum zamanı Amerikanın ən yeni F-35 qırıcılarından istifadə edib.
İsrail Müdafiə Ordusunun Mətbuat xidməti isə yaydığı məlumatda İrandakı obyektlərə hücumun başa çatdığını qeyd edilib: "Bu yaxınlarda İsrail Müdafiə Ordusu İranın bir neçə bölgəsində hərbi hədəflərə dəqiq və hədəfli zərbələr endirməyi başa çatdırdı".
"Kəşfiyyat məlumatlarına görə, Hərbi Hava Qüvvələri təyyarələri İranın son bir il ərzində İsrail Dövlətinə atdığı raketlərin istehsalı üçün istifadə olunan istehsal müəssisələrinə zərbələr endirdi", odrunun açıqlamasında deyilir.
Məlumatda, həmçinin qeyd olunur ki, İran rejimi hücumlarını davam etdirsə İsrail Dövləti vətəndaşlarını qorumaq hüququnu özündə saxlayır.
Həmçinin ölkənin silahlı qüvvələrinin rəsmi nümayəndəsi Daniel Hagari bildirib ki, İran regionda vəziyyətin gərginləşməsinin yeni mərhələsinə başlayacağı təqdirdə İsrail Ordusu cavab verməyə məcbur olacaq.