25 oktyabr 2024 19:10
101

Naxçıvan məktəbliləri Beynəlxalq “Yaşıl STEAM Azərbaycan” Festivalının qalibi olublar

Naxçıvan məktəbliləri Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və COP29 Sədrliyinin dəstəyi, “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq “Yaşıl STEAM Azərbaycan” Festivalında qalib olublar.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, festivalda muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət STEAM Təlim-Tədris Mərkəzinin “Vex IQ” kateqoriyası üzrə “RoboGenius”, “Fly Tech” kateqoriyası üzrə isə “Griffin” komandası iştirak edib.

Festivalda “Griffin” komandası “FlyTech” kateqoriyası üzrə hazırladıqları dronla verilmiş tapşırıqları uğurlu şəkildə yerinə yetirərək I yerin qalibi olub. Komandanın üzvləri Firuz Məmmədli, Vüqar Babaverdiyev, Uğur Quluzadə, mentoru isə Kazım Əkbərovdur.

Qeyd edək ki, builki festivalın final mərhələsinə 244 komanda üzrə 900-dən çox iştirakçı qatılıb və onlardan 146-sı Böyük Britaniya, Türkiyə, Pakistan, Türkmənistan, Qazaxıstan, Çexiya, Slovakiya və ABŞ də daxil olmaqla, 15 ölkəni təmsil edib.