25 oktyabr 2024 15:45
228

Anar Quliyev Qubadlı Şəhər Günü ilə bağlı paylaşım edib - VİDEO

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev sosial şəbəkə hesablarında Qubadlı Şəhər Günü münasibətilə rayona gələcək sakinləri üçün onun müasir və rahat şəhərə çevrilməsinin mərhələlərini və layihələri əks etdirən videoçarx paylaşıb.

“İki sahil” xəbər verir ki, videoda gələcək layihələr də öz əksini tapıb.

Qeyd edək ki, müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb.

2020-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərinin işğaldan azad edildiyini açıqlayıb.

Qubadlı rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 5 min 867 hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.

Qubadlı rayonunun səthi əsasən dağlıqdır. Ərazisi Qarabağ silsiləsinin cənub-qərb (Topağac dağı – 2 010 m, Pirdağ-1 316 m), Bərgüşad silsiləsinin şərq (Hərtis dağı – 1 277 m) və Qarabağ yaylasının cənub-şərq (Qurbantəpə dağı – 1 075 m) hissəsinə daxildir. Qarabağ yaylasının cənub-şərq qurtaracağı olan Yazı düzü (Bazarçay və Həkəri çayı arasında) ərazidə 450 m-dək alçalır. Ərazidə Qarabağ silsiləsi maili və dalğalı İncə düzünə keçir. Yura-Antropogen çöküntüləri yayılıb. Əqiq yatağı var. Çayları Bazarçay, Həkəri və onların qollarıdır (Kiçik Həkəri, Meydandərəsi və s); bunlardan suvarmada istifadə edilir.

Rayonda əsasən, qəhvəyi dağ-meşə torpaqları yayılıb. Əsas bitki örtüyü kollu və seyrək meşəli çəmənlərdir. Dağ meşələri (fıstıq, palıd, vələs və s.) var. Meşələrin sahəsi 13,2 min hektardır. Heyvanları ayı, canavar, vaşaq, tülkü, boz dovşan, süleysin, oxlu kirpi və s-dir. Quşlardan boz kəklik, turac, qırqovul, göyərçin və s. var. Rayonda Qubadlı yasaqlığı təşkil edilib.

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, oktyabrın 25-i Qubadlı Şəhəri Günü kimi qeyd edilir.