25 oktyabr 2024 12:25
466

Şirvan Ürək Mərkəzinin fəaliyyətinin bir ili tamam olur - FOTO

Şirvan Şəhər Mərkəzi Xəstəxanasının nəzdində fəaliyyət göstərən Şirvan Ürək Mərkəzinin istifadəyə verilməsindən bir il ötür.

“İki sahil” xəbər verir ki, ötən dövr ərzində Şirvan Ürək Mərkəzində 1500-ə qədər angioqrafiya əməliyyatı icra olunub. Eyni zamanda ölkənin müxtəlif bölgələrindən 500-ə yaxın pasiyent miokard infarktı, kardiogen şok vəziyyəti və s. şikayətlərlə təcili yardım vasitəsilə məhz bu mərkəzə təxliyə edilib və cərrahi əməliyyat olunub.

Qeyd edək ki, əvvəllər bu cür xəstələr birbaşa paytaxt Bakıya təxliyə edilirdi.

Məlumat üçün bildirək ki, analoji dövr ərzində tibb müəssisəsinin Ürək cərrahiyyəsi şöbəsinə ümumilikdə yüzdən çox pasiyentin stasionar qəbulu həyata keçirilib. Həmin xəstələrə aorta şuntlama əməliyyatı icra olunub.

Ən müasir tibbi avadanlıqlarla təmin olunan Şirvan Ürək Mərkəzi təcrübəli və çevik tibbi heyəti ilə birlikdə 7/24 saat vətəndaşlara xidmət göstərir. Tibb müəssisəsində 5 həkim, 50 tibbi personal fəaliyyət göstərir.

Qeyd edək ki, Şirvan Ürək Mərkəzində vətəndaşlara təqdim olunan tibbi xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanır.