24 oktyabr 2024 11:32
264

FHN Gəncə Müalicə Diaqnostika Mərkəzində təlim keçirib- FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyi İctimaiyyətlə əlaqə idarəsinin təşkilatçılığı ilə Gəncə şəhərində yerləşən Gəncə Müalicə Diaqnostika Mərkəzində “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

FHN-dən “İki sahil”ə verilən xəbərə görə, nazirliyin Gəncə Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd tibb müəssisəsinin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması olub.

Təlimdə Fövqəladə Hallar Nazirliyinin məsul vəzifəli şəxsləri və Diaqnostika Mərkəzinin kollektivi iştirak edib.

Əvvəlcə, təlimin nəzəri hissəsində FHN-in əməkdaşları tərəfindən müəssisənin kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, bu barədə videoçarxlar nümayiş etdirilib.

Sonra təlimin praktiki hissəsinə start verilib. Tədbirdə şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra FHN-in yanğın-xilasetmə bölmələri operativ qaydada hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıb, habelə obyektin təxliyə planına uyğun olaraq müəssisənin müvafiq personalı ilə əlaqəli şəkildə insanların təhlükəsiz yerə təxliyəsini həyata keçirib, şərti xəsarət almış şəxslərə “ilkin yardım göstəriblər”.

Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Qeyd edək ki, bu cür tədbirlər Fövqəladə Hallar Nazirliyi tərəfindən mütəmadi olaraq təşkil olunur.