18 oktyabr 2024 12:06
59

Putinin dəvəti ilə Çin lideri Kazana gedəcək

Çin Prezidenti Si Cinpin və Hindistanın baş naziri Narendra Modi BRİKS sammitində iştirak etmək üçün Rusiyaya gələcəklər.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, sammit oktyabrın 22-24 tarixlərində keçiriləcək.

“Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Sədr Si Cinpin oktyabrın 22-dən 24-dək keçiriləcək BRİKS liderlərinin 16-cı görüşündə iştirak etmək üçün Kazana gedəcək”, - deyə, Çin Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.

Avqustda Vladimir Putin Çin Dövlət Şurasının sədri Li Tsyan ilə görüşüb. Onun vasitəsilə o, Si Cinpinə BRİKS sammitində iştirak etmək üçün dəvət göndərib. Vladimir Putin iyul ayında Moskvada Hindistanın baş naziri ilə görüşü zamanı Narendra Modini şəxsən dəvət edib.

2024-cü ildə Rusiya BRİKS-ə sədrlik edəcək. Oktyabrda Kazanda keçiriləcək sammitə 24 dövlətin başçısı, o cümlədən BMT, ŞƏT, MDB və Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibləri gələcək.