18 oktyabr 2024 13:42
88

HƏMAS liderini məhv edən İsrail hərbçiləri ona təsadüfən rast gəliblər - “The New York Times”

İsrail Müdafiə Qüvvələrinin əsgərləri Qəzza zolağının cənubunda keçirilən əməliyyat zamanı Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarla qarşılaşacaqlarını gözləmirmiş.

“İki sahil” xəbər verir ki, bu barədə “The New York Times” İsrail rəsmilərinə istinadla məlumat yayıb.

Məqalədə qeyd edilir ki, İsrail hərbçiləri Qəzzanın cənubundakı ərazidə patrul həyata keçirirmiş və HƏMAS nümayəndələri ilə atışma olub. İsrail ordusu pilotsuz uçuş aparatlarından istifadə edərək bir qrup yaraqlının sığındığı binanın bir hissəsinə zərbə endirib.

“Toz təmizləndikdə və əsgərlər binada axtarış aparmağa başlayanda, heç gözləmədikləri bir adamın cəsədinə heyrətamiz dərəcədə bənzəyən bir cəsəd aşkar etdilər. Bu, Yəhya Sinvar idi”, -deyə, nəşr yazır.

İsrail Yəhya Sinvarı 2023-cü il oktyabrın 7-də yəhudi dövlətinə qarşı HƏMAS-ın 1200-ə yaxın insanın ölümü, 240-a yaxın insanın girov götürülməsi ilə nəticələnən hücumunun əsas təşkilatçısı hesab edirdi. Dekabr ayında İsrailin baş naziri Benyamin Netanyahu təhlükəsizlik qüvvələrinə Yəhya Sinvar da daxil olmaqla HƏMAS liderlərini tapıb məhv etməyi əmr etmişdi.