Rəsmi İrəvanın Azərbaycanın reinteqrasiya təklifindən imtina edib, Qarabağdan köçüb getmiş ermənilərin qayıdışından danışdığı halda, Ermənistandan qovulmuş azərbaycanlıların öz doğma yurdlarına dönüşündən danışmaması absurddur
Ermənistandakı revanşist qüvvələr, qondarma rejimin tör-töküntüləri yenə də Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təhdid edən təxribatçı açıqlamalar ilə çıxış edirlər. Onlar Qərbdəki havadarlarına arxalanaraq “beynəlxalq təminat altında Qarabağa qayıdış”dan dəm vururlar. Ancaq nədənsə beynəlxalq təsisatlar Qərbi azərbaycanlıların doğma yurd yerlərinə qayıdış hüququnu münaqişənin başlanmasından keçən 36 ildə bir dəfə də olsun gündəmə gətirməyiblər. Hər zaman susqunluq nümayiş etdiriblər. Azərbaycanlıların qayıtmasına imkan verməyərək onların mədəni irsini dağıtmaqda davam edirlər. Ermənistan azərbaycanlıların öz evlərinə qayıtmasına hazırlıq məqsədilə BMT-nin missiyasını və Azərbaycan mədəni irsinin vəziyyətinin qiymətləndirilməsi üçün UNESCO-nun faktaraşdırıcı missiyasını qəbul etməkdən imtina edir. Bundan əlavə, Ermənistan hökuməti Qərbi Azərbaycan İcmasının dialoq çağırışlarına cavab vermir. Belə bir şəraitdə öz ərazisində bir nəfər də olsun azərbaycanlı saxlamamış Ermənistan hökumətinin insan hüquqlarından danışaraq Azərbaycanı etnik təmizləmədə suçlaması ən mənfur riyakarlıqdır. Bütün bunlar Ermənistanın Azərbaycanofob siyasətini və ölkəmizə qarşı ərazi iddiasını bariz şəkildə göstərir. Ermənistan prezidenti Vahaqn Xaçaturyan yerli mətbuata müsahibəsində ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə qayıtması məsələsindən danışıb. Ermənistan prezidentinin sərsəm açıqlamasına cavab verən Qərbi Azərbaycan İcması yaydığı bəyanatda bildirib ki, Ermənistan rəhbərliyinin Azərbaycanın reinteqrasiya təklifindən imtina edib, Qarabağdan köçüb getmiş ermənilərin qayıdışından danışdığı halda, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışından danışmaması absurddur: “Bu, Ermənistan tərəfinin ayrı-seçkilik siyasətini açıq şəkildə göstərir. Ermənistan rəhbərliyinin qayıdış məsələsində qarşılıqlılıq prinsipini gözardı etməsini və azərbaycanlıların Ermənistana qayıdış hüququnu pozmasını qətiyyətlə qınayırıq və Ermənistan hökumətindən azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına şərait yaratmağı tələb edirik".
Artıq Azərbaycan şanlı Zəfəri ilə tarixi ədaləti və ərazi bütövlüyünü bərpa edib. 30 il davam edən işğal dövründə ən yüksək tribunalardan Azərbaycanın dəyişməz mövqeyini bəyan edən Prezident İlham Əliyev bir qarış torpağımızın belə düşmənə verilməyəcəyini, işğalla barışmayacağımızı Ermənistana və ona havadarlıq edən dövlətlərə çatdırdı.
Bu torpaqlarda yeni həyatın başlanmasından sonra Qərbi Azərbaycana qayıdışın gündəmə gətirilməsi tarixi ədalətin bərpası istiqamətində növbəti addım kimi dəyərləndirilir. Prezident İlham Əliyev bildirmişdir: “Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq bəlkə də vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi. Amma bu gün tam haqlı olaraq bu mövzunu beynəlxalq arenaya çıxarmışıq. Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar. Bu, onların hüququdur. Bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək. Bunu sülh yolu ilə etmək istəyirik. Əminəm ki, buna nail olacağıq. Çünki bu gün ümumiyyətlə, Avrasiya məkanında monodövlətlər yoxdur və Ermənistan üçün də yaxşı olar ki, bu monodövlət damğasını öz üzərindən götürsün. Bunun ən yaxşı və ən ədalətli yolu Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmalarıdır.”
Ümumiyyətlə, nəinki Ermənistan, bir sıra hallarda hətta beynəlxalq ictimaiyyət də azərbaycanlıların və ermənilərin qayıdış hüququna bərabər yanaşmırlar. Belə ki, ermənilərin Qarabağa qayıdış məsələsi qabardıldığı halda, azərbaycanlıların perspektivdə Qərbi Azərbaycana - tarixi torpaqlarına qayıtması barədə bir kəlmə də deyilmir. Halbuki azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı tamamilə beynəlxalq hüquqa uyğun olmaqla həm də tarixi ədalətin bərpasıdır. Üstəlik, Qərbi Azərbaycan, o cümlədən Zəngəzur, İrəvan, Göyçə tarixi Azərbaycan torpaqlarıdır. Ermənilər isə Qarabağa sonradan yerləşdiriliblər. Bu ərazilərdəki toponimlərdə heç bir erməni izinə rast gəlmək mümkün deyil. Hətta antropoloqlar arxeoloji araşdırmaları zamanı ermənilərin qalıqlarının iki əsrdən artıq bir zamanı əhatə etmədiyini vurğulayırlar. İrəvan xanlığı işğal edildikdən sonra Çar Rusiyası ilə Qacarlar arasında 1828-ci ildə imzalanan Türk¬mənçay müqaviləsinin 15-ci maddəsinə əsasən, İran və Osmanlı ərazisindən minlərlə erməni ailələri İrəvan, Qarabağ, Naxçıvan, Borçalı ərazilərində münbit torpaqlarda məskunlaşdılar. Onlar 6 il ərzində vergi və mükəlləfiyyətlərdən azad oldular. Çar Rusiyasının bu köçürmə siyasətinin məqsədi Osmanlı ilə Azərbaycan arasında bufer zona yaratmaq idi və bu məkrli plan baş tutduqdan sonra onun istiqamətləri daha da genişləndirildi. İstər Gülüstan, istərsə də Türkmənçay müqavilələri həm Qərbi, həm də Cənubi azərbaycanlılara qarşı xəyanətkarlıq aksiyaları idi. Qafqazda azərbaycanlılara qarşı aparılan məqsədyönlü soyqırımı siyasəti xalqımızın tarixində silinməz izlər qoydu. Bu, bir həqiqətdir ki, Qərbi Azərbaycan bizim bütöv Azərbaycanın bir parçasıdır. Azərbaycan xalqının mədəniyyət beşiyi olan Qarabağın erməni işğalçılarından azad edilməsi, Qərbi azərbaycanlıların öz ata-baba yurduna qaytarılması Ulu Öndər Heydər Əliyevin liderlik fəaliyyətinin əsas istiqamətini təşkil edirdi. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız ata vəsiyyətini yerinə yetirən Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə azad edildi. Artıq Azərbaycan xalqı öz əzəli-əbədi torpaqlarına sahibdir. 44 günlük Vətən müharibəsi Ermənistanın kapitulyasiyası, təxminən 30 il davam edən işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Qarabağın azad edilməsi ilə Azərbaycanın xarici və daxili siyasətində yeni prioritetlər meydana çıxdı. Azərbaycan Ordusu Qarabağı və Şərqi Zəngəzuru azad etməklə, artıq soydaşlarımızın bütün tarixi ata-baba torpaqlarına qayıdışını təmin etmək üçün yol açdı.
Şəmsiyyə Əliqızı, “İki sahil”