Prezident İlham Əliyevin oktyabr 8-də Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı səsləndirdiyi fikirlər bütövlükdə Azərbaycanın yürütdüyü xarici siyasətin nə qədər düzgün və balanslı olduğunun əyani şəkildə sübutudur. Məlumdur ki, Azərbaycan-Rusiya əlaqələri çoxəsrlik tarixə dayanır və münasibətlər dinamik şəkildə inkişaf edir. Rəsmi Bakının xarici siyasət konsepsiyasında Rusiya önəmli və əsas tərəfdaşlardan biridir. Bu tərəfdaşlıq bərabərhüquqluluq və bir-birinin daxili işlərinə müdaxilə etməmək prinsipləri əsasında qurulmuşdur. Rusiya tərəfi də Azərbaycanla münasibətlərdə məhz bu prinsiplərə üstünlük verir. Cari ilin avqust ayında Bakıya rəsmi səfəri zamanı Rusiya prezidenti Vladimir Putin qeyd etmişdir ki, “Rusiya Azərbaycanla çoxplanlı dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət verir”. Elə ölkə başçısı İlham Əliyev də Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı bu məsələyə diqqət çəkərək bildirmişdir ki, “Rusiya Federasiyası Prezidentinin Azərbaycana bu yaxınlardakı dövlət səfəri Rusiya-Azərbaycan münasibətlərinin müttəfiqlik xarakterini bir daha təsdiq etdi. Əldə olunmuş razılaşmaların həyata keçirilməsi gələcəkdə münasibətlərimizin ardıcıl inkişafı işinə xidmət edəcək”.
Qeyd etmək lazımdır ki, Ermənistan istisna olmaqla Azərbaycanın MDB-nə üzv dövlətləri ilə həm iki tərəfli, həm də çoxtərəfli münasibətləri yüksələn xətlə inkişaf edir. Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi və III MDB Oyunlarının Gəncə və Azərbaycanın 10-dan çox şəhərində keçirilməsi həmin münasibətlərin bariz göstəricisidir. Dövlətimizin başçısı çıxışı zamanı MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsinin xüsusi önəminə diqqət çəkib. Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biri olub. Şəhər ermənilər tərəfindən demək olar ki, tamamilə dağıdılmış, mədəni-tarixi-dini abidələrimiz məhv edilmiş yeraltı və yerüstü sərvətlərimiz talan olunmuşdu. Bir güllə atılmadan azadlığına qovuşan Laçın şəhəri bərpa olunur. Keçmiş məcburi köçkünlər mərhələli şəkildə öz evlərinə, tarixi yurdlarına qayıdırlar. Prezident İlham Əliyevin dediyi kimi, “Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük rəğbətlə qarşılanıb”.
Azərbaycan hər zaman sülhün, təhlükəsizliyin tərəfdarı olmuş və ədalətin zəfər çalması üçün mübarizə aparmışdır. Tarixin bütün mərhələlərində bu fikri isbatlayan nümanələr göstərmək olar. İkinci Dünya Sovet Azərbaycanı isə SSRİ-nin tərkibində olduğuna görə hələ 1939-cu ilin payızında müharibəyə cəlb olunmuşdu. 1941-ci ilin iyunundan isə alman faşizminə qarşı müharibədə iştirak etmişdir.
Azərbaycan İkinci Dünya müharibəsində qələbənin əldə olunmasında sanballı töhfə verib. Həmin dövrdə 3 milyon 400 min əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Azərbaycanlılar əlavə beş milli - 77-ci, 223-cü, 271-ci, 402-ci, 416-cı diviziyaları formalaşdırmışdılar. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. Müharibə illərində bütün Bakı ölkə neftinin 80%-ni, benzinin 85-90%-ni, hərbi texnika üçün yağların 96%-ni verirdi. Bakı döyüşən ordunun cəbbəxanalarından birinə çevrilmişdi. Bakı "Katyuşa" raketi, "Şpakin pulemyotu" istehsal edir, burada "YAK-3" qırıcı təyyarəsi yığılırdı. Ümumilikdə Bakıda 130-dan çox silah və hissələri hazırlanırdı. Bakıda 41 hərbi hospital fəaliyyət göstərirdi, 440 min yaralı müalicə alırdı. Əlbəttə ki, Bakı ilə yanaşı o zaman SSRİ-nin tərkibində olan, hazırkı müstəqil dövlətlər də alman faşizmi ilə mübarizədə öz töhfələrini vermişdilər. Çənab İlham Əliyev çıxış zamanı bu amilin qarşılıqlı fəaliyyət zamanı oynadığı rola diqqət şəkərək bildirmişdir ki, “9 May ümumi Qələbəmiz MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir. Azərbaycan bu əməkdaşlığa böyük əhəmiyyət verir və bundan sonra da qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcək”.
Tədbir zaman Prezident İlham Əliyev, həmçinin bir aydan sonra Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29-la bağlı görülən işləri dövlət başçılarının diqqətinə çatdıraraq bildirib ki: “ Biz 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndiririk”. Ancaq bununla yanaşı, Azərbaycanın inkişafını, onun beynəlxalq nüfuzunun artmasını, müstəqil siyasət aparmasını həzm edə bilməyən bəzi beynəlxalq təşkilatlar, siyasi dairələr, o cümlədən, Fransa və ABŞ-ın ölkəmizə qarşı apardığı əsassız kampaniyalar aparır, təzyiq göstərməyə çalışır, hansısa sanksiyaların tətbiq olunmasına çağırışlar edirlər. Lakin bu qərəzli yanaşmadır. Ölkəmizə qarşı ikili standartlar siyasətinin növbəti təzahürüdür.
Prezident İlham Əliyevin oktyabr 8-də Moskvada “Rossiya-1” televiziya kanalına verdiyi müsahibədə bu məsələyə toxunaraq bildirdi ki:” Sanksiyalar qeyri-qanuni və tamamilə əsassız, habelə selektiv şəkildə tətbiq edilir. Biz istənilən sanksiyalara qəti şəkildə qarşıyıq. Beynəlxalq ictimaiyyət məsələ ilə bağlı öz mövqeyini vahid qaydada bildirməlidir. Bizə sanksiyalar 1992-ci ildə, Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğu bir vaxtda ölkəmizin “Ermənistanı blokadada saxlaması” barədə qondarma ittihamla tətbiq edilmişdi. Bu sanksiyalar 2001-ci ildə, ABŞ-ın öz yüklərini hava, quru və dəniz yolu ilə Azərbaycan ərazisindən Əfqanıstana tranzit daşımalı olduğu vaxt aradan qaldırılmışdı. Partiya mənsubiyyətindən asılı olmayaraq, Birləşmiş Ştatların Prezidenti ABŞ Əfqanıstandan qaçana qədər hər il bu sanksiyaları öz qərarı ilə ləğv edirdi. Bundan sonra bizə qarşı həmin sanksiyalar yenidən tətbiq olundu. Bu nankorluqdur”. Bu yanaşmanın səbəbləri hamıya məlumdur. Ancaq hər kəs, erməni lobbisi, erməni diasporu, Ermənistanın havadarları, ona reallıqdan kənar dəstək verən qüvvələr bilməlidirlər ki, bizim iradəmizə heç bir qüvvə təsir göstərə bilməz. Bu gün Azərbaycan dünya miqyasında öz çəkisi və nüfuzu olan ölkədir.
Hicran Hüseynova,
Milli Məclisin Komitə sədri, professor