09 oktyabr 2024 23:42
366

Tükənmişlik sindromu: Radikal müxalifət özü-özünü ifşa edir…

Erməni lobbisinin köləsinə çevrilən bəzi ABŞ konqresmenlərinin anti-Azərbaycan çağırışılarına, eləcə də son zamanlar əsassız iddialarla, qərzli ittihamlarla ölkəmizi həyasızcasına hədəfə alan Qərbdəki məkrli dairələrə dəstək vermək mənəvi-əxlaqi deqradasiyanın son həddidir

Erməni lobbisinin nəzarətində olan qüvvələr, eləcə də bəzi beynəlxalq qeyri-hökumət təşkilatları COP29 ərəfəsində Azərbaycana hücumlarını daha da gücləndiriblər. “Freedom House”, “Human Rights Watch” kimi eyni mərkəzdən idarə edilən ermənipərəst təşkilatların son günlər ölkəmizlə bağlı yaydıqları qərəzli bəyanatlar, eləcə də ABŞ Senatının 10, Konqresinin 48 üzvünün oktyabrın 3-də Dövlət katibi Antoni Blinkenə ünvanladıqları məktubda ABŞ-ın Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırış etmələri bunun əyani göstəricisidir.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Ermənistana ayırdığı maliyyə yardımının həcmini iki dəfədən çox-120 milyondan 250 milyona qədər artırmasından sonra qurumun rəhbəri Samanta Paurun “Biz yardımları İrəvanı Bakıdan qorumaq üçün edirik” kimi açıqlaması bəzi Qərb dairələrində anti-Azərbaycan hərəkatın daha açıq xarakter almasının əyani təsdiqidir.

Ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi ərəfəsində kəskin ermənipərəst mövqeyi ilə tanınan məlum beynəlxalq təşkilatların, həmçinin erməni lobbisinin çirkli pulları ilə bəslənən ABŞ parlamentarilərinin ənənəvi anti-Azərbaycan çağırışları təbii ki, heç kimi təəccübləndirmir. Hamımız yaxşı bilirik ki, bütün bunlar noyabr ayında ölkəmizdə baş tutacaq nüfuzlu beynəlxalq tədbir ərəfəsində erməni lobbisinin və onların əlaltılarının respublikamıza qarşı uzun illərdən bəri həyasızcasına apardıqları informasiya təxribatlarının və beynəlxalq ictimai rəyi çaşdırmaq cəhdinin davamıdır.

Şübhəsiz, məlum məkrli dairələr çox yaxşı bilirlər ki, bütün bəşəriyyəti narahat edən iqlim dəyişiklikləri ilə bağlı nüfuzlu tədbirin ölkəmizdə keçirilməsi Azərbaycana yeni iqtisadi, diplomatik və ekoloji sahələrdə yeni dividendlər qazandıracaq, onun beynəlxalq nüfuzunu daha da artıracaq. İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə ərazi bütövlüyünü, lokal antiterror tədbirləri sayəsində suverenliyini bərpa edən Azərbaycanın COP29-un keçirildiyi günlərdə dünyanın diqqət mərkəzində olması hər fürsətdə ölkəmizə qarşı məkrli niyyətlərini həyata keçirməyə çalışan qüvvələri ciddi narahat edir.

Nə qədər narahat olurlar olsunlar, Azərbaycan inamla getdiyi haqq yolundan əsla və əsla dönməyəcək. Ancaq bizi düşündürən və rəncidə edən məlum qərəzli dairələrin Azərbaycana qarşı beynəlxalq hüquqa zidd tələblərinə, heç bir mənəvi, siyasi, hüquqi əsası olmayan ittihamlarına özünü azərbaycanlı adlandıran bir qrup ünsürün namərdcəsinə dəstək verməsidir.

Başda AXCP sədri Əli Kərimli olmaqla, qondarma “Milli Şura”nın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin, müxtəlif bəhanələrlə Qərb ölkələrində sığınacaq tapan Arif Yunusun, Arif Şahmarlının sosial şəbəkə seqmentlərində bu məsələlərlə bağlı antimlli çıxışları bu xəyanətkarların erməni lobbisinin nökərinə çevrilən məlum qərəzli təşkilatlarla sinxron işbirliyində olduqlarını açıq-aşkar ortaya qoyur. Bu marginalların gecə-gündüz internet resurslarında bir qrup ermənipərəst konqresmenin Azərbaycana qarşı saksiyalar tətbiq etmək çağırışlarını həyasızcasına dəstəkləmələrini qəzəb və nifrətlə qarşılamamaq olmur.

Vallah, adamın matı-qutu quruyur. İş burasındadır ki, bu bədnam dəstə Ə.Kərimlinin dirijorluğu ilə sosial şəbəkələrdəki çıxışlarında “insan haqqları, “siyasi məhbus” məhfumları ilə ölkəmizə qarşı aparılan çirkin “qara piar” kampaniyasını dəstəklədiklərini heç gizlətmirlər də. Əslində ermənipərəst ABŞ konqresmenlərinin müraciəti ilə yaxından tanış olan bu antimlli zümrənin üzvləri hamıdan yaxşı bilirlər ki, məlum kağız parçasında “Dağlıq Qarabağın siyasi liderləri” adlandırılanlar separatçı-terroristlər, əliqanlı Xocalı qatilləri, mühairbə caniləridir. Bütün bunların fonunda bu xəyanətkarların bütün ali dəyərləri tapdalayaraq şəxsi ambisiyaları naminə sosial şəbəkələrdə məlum müraciəti dəstəkləyən “moizələr” oxumalarının yalnız bir adı var-Xəyanət.

Bütün bunlar hüquqi-etik, əxlaqi-mənəvi dəyərləri tapdalayıb keçən radikal müxalifətin təmsilçilərinin erməni lobbisinin köləsinə çevrilən ABŞ konqresmenlərinin məlum ikrahdoğurucu müraciətinə, eləcə də son zamanlar əsassız iddialarla ölkəmizi həyasızcasına hədəfə alan, qərəzli ittihamlar səsləndirən Qərbdəki məkrli dairələrə alçaqcasına dəstək vermələri onların əsl simalarını, xaraktersizliklərini, mənəvi deqradasiyaya uğradıqlarını tam dolğunluğu ilə bir daha təsdiq edir.

Zahid Rza, “İki sahil”