09 oktyabr 2024 17:41
359

Azərbaycan-Rusiya münasibətləri dostluq və faydalı əməkdaşlıq prinsipləri üzərində inkişaf edir

Müstəqil, öz milli maraqlarına əsaslanan çoxşaxəli siyasət Azərbaycanın beynəlxalq arenada rolunun və nüfuzunun yüksəlməsini təmin edib, region ölkələri, dünyanın güc mərkəzləri ilə etibarlı və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmağa və onu inkişaf etdirməyə imkan verib.  Bu çərçivədə qonşu ölkələrlə yüksək səviyyəli əlaqələrin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi istiqamətlərdəndir. Qlobal həmrəyliyə və beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verən rəsmi Bakının irəli sürdüyü təşəbbüslər və atdığı praktiki addımlar bunu bariz şəkildə təsdiq edir.

44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdən sonra Cənubi Qafqazda yeni bir regional nizam formalaşmaqdadır. Azərbaycanın öncül rol aldığı bu yeni konfiqurasiyanın əsas oyunçularından biri də Rusiyadır. Bu baxımdan sürətlə dəyişən, təhdidlərin durmadan artdığı bir dünyada Rusiya kimi qlobal güc mərkəzi ilə münasibətləri ən yüksək səviyyəyə çatdırmaq ilk növbədə ölkəmizin milli təhlükəsizliyinin qorunmasına xidmət edir.

2022-ci il fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” imzaladığı Bəyannamədən sonra ölkəmizin şimal qonşumuz ilə qarşılıqlı əlaqələri keyfiyyətcə yeni, daha yüksək mərhələyə keçmişdir. Bu gün Kreml Azərbaycanı postsovet məkanında əsas strateji tərəfdaşlarından biri kimi müəyyənləşdirir. Bu siyasi kursun təməlində duran əsas amillərdən biri iki ölkə prezidentləri arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibətləridir.

Nəzərdən qaçırmaq olmaz ki, Rusiya dünyanın ən güclü dövlətlərindən və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Bundan əlavə, ölkələrimiz arasında tarixən dərin mədəni, humanitar, iqtisadi əlaqələr mövcuddur. Bu gün Rusiyada milyonlarla azərbaycanlı yaşayır və işləyir, respublikamızda 150 mindən çox azərbaycan vətəndaşını əhatə edən rus icması diqqət və qayğı ilə əhatə olunub və cəmiyyətin tamhüquqlu üzvüdür. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Azərbaycan kənd-təsərrüfatı məhsullarının ixracı üçün Rusiya əsas bazarlardan biridir. Ona görə də Cənubi Qafqaz regionunda Azərbaycan-Rusiya münasibətlərinin statusundan çox şey asılıdır.

Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 7-də Rusiya Federasiyasına səfərinin yekunları da məhz Bakı ilə Moskvanın dostluq və qarşılıqlı anlaşma əsasında qurulan və strateji tərəfdaşlıq səviyyəsinə çatmış bu münasibətlərin inkişafına yeni və əhəmiyyətli töhfədir.   

Dövlətimizin başçısının sözügedən səfəri çərçivəsində Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə keçirdiyi görüşdə, həmçinin MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışında da iki dost və müttəfiq ölkənin münasibətlərinin bugünkü real vəziyyətinə nəzər salındı və gələcək perspektivlərlə bağlı niyyətlər ortaya qoyuldu. Prezident Putin münasibətlərin inkişafından məmnunluğunu ifadə etdi və əlaqələrin inkişafında əsas amil olan iqtisadi vəziyyətə xüsusi diqqət göstərdi: “Əmtəə dövriyyəsi 4 dəfədən çox artıb. 4,3 milyard dollardır. Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarımız 4 milyard dollardan çoxdur. Energetika sahəsində də, infrastrukturun inkişafı üzrə də çoxlu yaxşı, maraqlı layihələr var. Onların hamısı perspektivlidir, realdır, həm ikitərəfli, həm də çoxtərəfli layihələr aktualdır”. Cənab İlham Əliyev isə ikitərəfli əlaqələrimizin gündəliyinin kifayət qədər geniş olduğunu bildirərək əlavə etdi ki, iki ölkə arasında əldə olunmuş razılaşmaların yerinə yetirilməsi üzrə konkret addımların atılmasının vaxtı çatmışdır.

Bakının Kremllə qarşılıqlı münasibətləri təkcə ikitərəfli əlaqələrlə məhdudlaşmır. Azərbaycanla  Rusiya arasında daha geniş müstəvidə - bir neçə nüfuzlu və artıq dünyanın real güc mərkəzlərinə çevrilən beynəlxalq və regional təşkilatlarda da faydalı əməkdaşlığı mövcuddur. Hazırda Azərbaycan Rusiyanın mühüm mövqeyə malik olduğu Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) dialoq tərəfdaşı statusuna sahibdir və gələcəkdə bu quruma üzv olmaq niyyətindədir. Bu gün isə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasında növbəti ünvan BRICS-dir. Dünya miqyasında çox geniş coğrafiyanı əhatə edən bu beynəlxalq qurum Brazili­ya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası (CAR), Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır. Xatırladaq ki, iyulun 3-də ŞƏT-in Astana­da keçirilən Zirvə toplantısı çərçivəsində Azərbaycan tərəfinin BRICS-ə daxil olmaq arzusu ifadə edilib və Çin tərəfindən BRICS əməkdaşlığında Azərbaycanın iştirakı alqışlanıb. Bu məsələ cari ilin avqustunda Azərbaycanda dövlət səfərində olan Rusiya Prezidenti Vladimir Putinin mətbuata bəyanatında da öz ifadəsini tapıb. MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində isə Rusiya lideri Prezident İlham Əliyevin oktyabrın 23-24-də Kazanda BRICS xətti ilə BRICS plyus-autriç tədbirlərində Azərbaycanın da öz iştirakını təsdiq etmiş 25 ölkə arasında olduğunu bildirmişdir.

Bu tədbir həm də MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur rayonunun Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi ilə əlamətdardır. Bununla bağlı cənab İlham Əliyev qeyd etmişdir ki, bu müjdə həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb.

Dövlətimizin başçısı öz çıxışında növbəti il Azərbaycanda III MDB Oyunlarının keçiriləcəyi və Gəncə şəhərinin idman paytaxtına çevriləcəyi ilə bağlı da anons verdi.

Son zamanlar Prezident İlham Əliyevin səfərlərdə, görüşlərdə, iştirak etdiyi beynəlxalq tədbirlərdə diqqət yönəltdiyi əsas məsələ isə Azərbaycanın noyabr ayında dünyanın ən böyük və mötəbər tədbirinə – Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi ilə bağlıdır. Dünyanın iqlim dəyişiklikləri ilə bağlı problemlərinə aydınlıq gətirilməsi ilıə yanaşı, Azərbaycan yeni əməkdaşlıq formatlarının yaradılmasına yol açan və ölkəmizin beynəlxalq nüfuzunun göstəricisi olan bu tədbirin tribunasından öz tarixi uğurlarını və güclü potensialını dünyaya təqdim etmək imkanı əldə edəcək. Dövlət başçısı İlham Əliyev sözügedən çıxışında bildirdi ki, biz 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndiririk.

Diqqət çəkən məsələlərdən biri də MDB dövlət başçılarının İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi ilə bağlı müraciətinin qəbul edilməsi və  MDB ölkələrində Böyük Vətən müharibəsi illərində hərbi və mülki məhsulların fasiləsiz istehsalında kollektiv töhfəyə görə veriləcək “Əmək Şöhrəti Şəhəri” fəxri adının təsis edilməsi oldu. Birgə Qələbəyə verdiyi əvəzsiz xidmətləri nəzərə alınaraq paytaxtımız Bakının da bu statusa layiq görüləcəyi şübhəsizdir.

Beləliklə, oktyabrın 8-də Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında Prezident İlham Əliyevin iştirakı münasibətlərimizin təqdimatında əhəmiyyətli rola malikdir. Dövlətimizin başçısı öz çıxışında əldə olunmuş razılaşmaların gələcəkdə möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətlərinin bundan sonra da yüksələn xətlə inkişaf etdirilməsini təmin edəcəyi ilə bağlı əminliyini ifadə etmişdir.

Əli Hüseynli,
​Milli Məclisin deputatı