Ata-babalarımızın bizə əmanət qoyub getdiyi bu torpaqları göz bəbəyimiz kimi qorumaq hər birimizin borcudur. Qədim zamanlardan bəri həmişə yağı düşmənin gözü həmişə bizim torpaqlarda olmuşdur.
Zaman-zaman vətənimiz düşmənlər tərəfindən hücumlara və işğallara məruz qalmışdır. Ancaq qəhrəman xalqımız belə zamanlarda bir yumruq kimi birləşməyi və düşmənə qarşı birlikdə mübarizə aparmağı bacarmışdır.
Biz buna 44 günlük müharibədə bir daha şahid olduq .
2020- ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə qəhrəman Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə başladı. 2020-ci il oktyabrın 4-ü Cəbrayıl işğaldan azad olundu. Bügün bütün cəbrayıllıların həyatında unudulmaz bir günə çevrildi. Çünki 27 illik vətən həsrətinə son qoyulmuşdu.
Cənab Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva 2020 – ci il noyabrın 16 -da Cəbrayıl şəhərinə səfər etmiş, Araz çayı üzərində yerləşən Xudafərin körpüsünə 3 rəngli Azərbaycan bayrağını sancmışdır. Bu bayrağın sancılması çox böyük əhəmiyyət kəsb edirdi. Bütün dünya azərbaycanlıları bunu çox böyük fəxrlə izləyirdilər.
Cəbrayıl əməliyyatı nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilmişdir. Üstəlik Azərbaycan ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrud qəsəbəsi istiqamətində hərbi əməliyyat keçirilməsi üçün geniş imkan yaranmışdır.
Prezident İlham Əliyev demişdir: “Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti vardır. Çünki II Qarabağ Müharibəsi dövründə işğaldan azad edilmiş birinci şəhər idi.” Buna əsasən dövlət başçısı tərəfindən 31 iyul 2023 – cü il tarixində sərəncam imzalandı. Sərəncamla 4 oktyabr Cəbrayıl Şəhəri Günü elan olunub. İşğaldan azad olunmuş torpaqlarımızda abadlıq- quruculuq işləri aparılır. Şəhərlərimiz , kəndlərimiz gündən – günə gözəlləşir. İnsanlar həsrət qaldıqları öz ata-baba yurdlarına geri qayıdırlar. Xalqımız Vətənimiz sərhədlərinin bərpa olunmasının sevincini yaşayır.
Cənab İlham Əliyevin apardığı qətiyyətli siyasət nəticəsində Azərbaycan Respublikası Qafqazın ən güclü dövlətinə çevrilmişdir.
Birgül Məmmədova,
Xətai rayonu 249 saylı tam orta məktəbin müəllimi