09 oktyabr 2024 15:31
430

Azad edilən yurd yerlərimiz gülüstana çevriləcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər.

Cəbrayıl rayonu erməni işğalı zamanı misilsiz vandalizmə məruz qalıb. Rayon ərazisində olan evlər, tarixi abidələr tamamilə dağıdılıb, ağaclar məhv edilib.

İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Cəbrayıl rayonunda da yenidənqurma və bərpa işləri operativ və sistemli şəkildə davam etdirilir, sakinlərin öz ata-baba yurdlarında rahat və firavan yaşaması üçün bütün infrastruktur yaradılır. Həmçinin məşğulluğun yüksək səviyyədə təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirilir. Dövlətimizin başçısı Cəbrayıl rayonuna mütəmadi səfərlər edərək görülən işlərlə yaxından tanış olur, təməlqoyma və açılış mərasimlərində iştirak edir, müvafiq tapşırıq və tövsiyələrini verir. Yaxın gələcəkdə Cəbrayıl ölkəmizin inkişaf etmiş rayonlarından birinə çevriləcək.

2020-ci ilin oktyabrın 4-də Vətən müharibəsinin gedişatında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhəri və rayonun daha doqquz kəndinin işğaldan azad olunduğunu elan edib. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun bir şəhəri və 90 kəndi işğaldan azad olunub. Cəbrayılın düşmən işğalından təmizlənməsi ilə Azərbaycan-İran sərhədinə dövlət nəzarəti qismən bərpa edilib.

Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən altı gün sonra - 2020-ci ilin noyabr ayının 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda olublar. Dövlət başçısı Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan Bayrağını qaldırıb.

Cənab İlham Əliyevin 2020-ci ilin dekabrın 24-də və 2021-ci ilin iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib. Rayonun işğaldan azad olunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirən minlərlə hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub.

2023-cü il iyulun 31-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Vətən müharibəsində qazanılmış tarixi Qələbəni əbədiləşdirmək məqsədi daşıyan Sərəncama əsasən, 4 Oktyabr – Cəbrayıl Şəhəri Günü kimi hər il təntənəli şəkildə qeyd olunur.

Bu il sentyabrın 26-da Cəbrayıl şəhərinə köç başlayıb. Artıq şəhər ilk sakinlərini qoynuna alıb. İndiyədək 133 ailə, ümumən 433 nəfər öz ata-baba yurduna dönərək orada tikilən rahat, geniş və işıqlı mənzillərdə yaşamağa başlayıb.

Cəbrayıl rayonu strateji əhəmiyyətinə görə hər zaman diqqət mərkəzində olub. Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişindən cəmi üç ay sonra, 1994-cü il yanvarın 5-də Horadiz əməliyyatı nəticəsində rayonun Cocuq Mərcanlı kəndi işğaldan azad olunub. 2016-cı il Aprel döyüşləri zamanı Cocuq Mərcanlı kəndi yaxınlığındakı Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi ilə bu kənddə yaşayış üçün lazımi təhlükəsizlik şəraiti təmin olunub.

Haqq-ədalət zəfər çaldı. Müzəffər Azərbaycan Ordusu möhtəşəm Qələbə qazandı, düşmənin beli qırıldı. Düşmən torpaqlarımızdan qovuldu. Azərbaycan Bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı və əbədi dalğalanacaq. Azad edilən yurd yerlərimiz gülüstana çevriləcək.

Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri