09 oktyabr 2024 13:32
346

Tarixi Qələbəmiz Qərbdəki müəyyən dairələri ciddi şəkildə narahat edir

Bu gün Azərbaycan regionun əsas siyasi və iqtisadi güc mərkəzinə çevrilib. Dünyada baş verən geosiyasi dəyişikliklər fonunda, faktiki olaraq Üçüncü Dünya müharibəsinin getdiyi bir dövrdə dövlətimizin başçısı Azərbaycanı bu toqquşmalardan kənarda saxlamağı bacarıb. Ermənistandan fərqli olaraq, milli təhlükəsizliyimizi öz dövlətimiz təmin etməkdədir. Vətən müharibəsi təkcə Ermənistan üzərində yox, həm də işğalçını həvəsləndirən bəzi Qərb dairələrinin məğlubiyyəti idi.

ABŞ Konqresinin 60 üzvünün Entoni Blinkenə müraciəti ABŞ-ın ölkəmizə növbəti təzyiq cəhdi idi. Məktubda qeyd olunur ki, COP29 kimi mötəbər tədbir bir fürsət kimi istifadə edilib. İnsan hüquqları və demokratiyadan təzyiq vasitəsi kimi istifadə etməyə çalışan ABŞ öz ölkəsində insan hüquqlarının boğulan səsindən niyə danışmır?

Prezident İlham Əliyev Vətən müharibəsinin qızğın vaxtında ondan müsahibə alan BBC jurnalistinə də eyni sualı ünvanlamış, Assanj barədə ona xatırlatma etmişdi.

Culian Assanj bir sıra hökumətlər, o cümlədən ABŞ rəhbərliyinin fəaliyyəti barədə məxfi informasiyaların dərc olunduğu “WikiLeaks” portalını 2006-cı ildə təsis edib. Portalda, həmçinin Əfqanıstan və İraqda keçirilən hərbi əməliyyatların gedişində dinc əhalinin qətli, Quantanamo həbsxanasında məhkumların saxlanılma şəraiti barədə məlumatlar yayılıb.

ABŞ-ın faktiki siyasi məhbusu olan Culian Assanj illərlə qeyri-insani işgəncələrə məruz qalıb. Azərbaycanı siyasi məhbuslarla bağlı ittiham edən ABŞ hökuməti söz və məlumat azadlığına hücum edərək jurnalist Culian Assanjın bir sıra absurd ittihamlarla həbsinə nail olub. İsveçdə həbs olunan Assanjın ABŞ-a ekstradisiya olunmasına çalışıb. Assanj 2012-2019-cu illər arasında Ekvadorun Londondakı səfirliyində təcrid şəraitində yaşamaq məcburiyyətində qalıb. Onun fiziki və psixoloji sağlamlığına ciddi ziyan vurulub. Beynəlxalq hüquq müdafiəçiləri bu təcrid şəraitini qeyri-insani hesab edirlər və ona “psixoloji işgəncə” verildiyini qeyd edirlər. 2019-cu il aprelin 11-də “Scotland Yard” polisi onu Ekvador hökumətinin razılığı ilə həbs etmişdi. Bir müddət öncə Culian Assanj ABŞ-ın hakimiyyət orqanlarının tələbi ilə təqsirini qismən etiraf etməyə razı olub. Bu etiraf ona beş il dəmir barmaqlıqlar arxasında qaldıqdan sonra cari ilin iyunun 24-də Böyük Britaniya həbsxanasından azadlığa çıxmağa imkan verib.

Bir çox insan haqları və jurnalistika təşkilatları bu ittihamların söz azadlığını boğmağa xidmət etdiyini bildirir. BMT-nin xüsusi məruzəçiləri Culian Assanjın məruz qaldığı rəftarın qeyri-insani olduğunu və onun siyasi məqsədlərlə təqib edildiyini bildirirlər. Çox maraqlıdır, insan hüquqlarını kobud şəkildə pozan və azad mətbuatı susduran ABŞ digər ölkələrin daxili işinə qarışır, müharibə cinayətkarlarının, soyqırımı törədənlərin, etnik təmizləmə aparanların, insanlığa zidd olan əməllər törədən canilərin azad edilməsinə çağırışmı edir?

Qarabağ məsələsi çoxdan həll edilib. ATƏT-in Minsk qrupunun qalıqlarına süni nəfəs vermək nəticəsiz qalacaq. Vətən müharibəsindən sonra Paşinyan hesab etdi ki, Ermənistana yeni qarant qüvvə lazımdı və bu vaxta qədər Ermənistan hökumətinin həyata keçirdiyi siyasət artıq işləmir. Ona görə Fransa və ABŞ-ı fərqli ampluada Ermənistanda, Azərbaycanla sərhədə qaytarmaq istəyir. Cənab İlham Əliyevin vurğuladığı kimi, Azərbaycana heç kəs heç nəyi diktə edə bilməz. Ölkəmiz tarixin sınaqlarından üzüağ çıxdığı kimi, Qərbin Ermənistanı gücləndirməsi sınağından da qalib kimi çıxacaq.

Milli Məclisin 43 deputatı ilə birgə Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramova müraciət edib ABŞ-la ölkəmiz arasında münasibətləri yenidən nəzərdən keçirməyi xahiş etmişik. Dövlətimiz öz daxili imkanları hesabına güclü potensiala malikdir və bizim Qərbin məqsədli dəstəyinə ehtiyacımız yoxdur. Bu məsələdə Azərbaycan ictimaiyyətinin gözündə nüfuzuna ciddi ziyan dəyən Qərb tərəfi uduzacaq.

Pərvanə Vəliyeva,
Milli Məclisin deputatı