Hazırda Amerika iqtisadi və hərbi cəhətdən dünyanın ən qüdrətli dövlətidir və hər yerdə öz siyasətini diktə edir. Faktiki olaraq, bütün dünyada qızılın və neftin qiymətinə nəzarət edir, dünyaya dollar və demokratiya ixrac edir, ucuz işçi qüvvəsini və yeni texnologiyaları isə idxal edir. Bəli, bu gün bütün dünya ABŞ dolları xərcləməyə və ABŞ həyat tərzini yaşamağa məhkumdur. Bundan imtina edib “cızığından çıxanı” İraqın, Liviyanın, Suriyanın gününə salırlar.
Obrazlı desək, ABŞ bütün dünyada qloballaşma adı altına nəhəng bir təcavüz həyata keçirir, spesifik, fərqli, milli nə varsa, istər, iqtisadi olsun, istər siyasi, istərsə də, milli-mənəvi, əzir, məhv edir, öz obrazını və öz qaydalarını diktə edir. Avropa da bu məsələdə Amerikaya dəstək verir, Avropa Şurası, ATƏT adlanan qurumlar məhz bu missiyanı yerinə yetirir. Dünyanın qabaqcıl millətləri buna etiraz edir, mitinqlər, nümayişlər keçirir. Millət kimi formalaşmamış xalqlar isə qloballaşmaya qucaq açır, bunu "sivil dünyaya inteqrasiya" adlandırır.
Məlum olduğu kimi, II Dünya müharibəsinə qədər “Dünya valyutası” fəxri adını və missiyasını funt-sterlinq daşıyırdı və öz tarixi vətəninə - İngiltərəyə olmazın gəlirlər gətirirdi. Amma müharibənin gedişində Almaniyanın süqut etməsi və Avropa iqtisadiyyatının çökməsi “Dünya valyutası”nı da çökdürdü. “Müqəddəs yer” isə boş qalmır deyirlər. Faktiki olaraq dağıdıcı müharibədən kənarda qalmış və müharibənin gedişində iqtisadiyyatı dəfələrlə qalxmış Amerika bu fürsətdən yetərincə yararlana bildi. Öz müttəfiqlərinə iqtisadi dəstək vermək, “Dünya valyutası”nı dirçəltmək əvəzinə, funt-sterlinqi dünya bazarlarından sıxışdırıb çıxardı və dünyada indiyə kimi davam edən “dollar təcavüzü” başladı. Hazırda Rusiyanın, Çinin, Hindistanın və İranın müqavimətlərinə baxmayaraq, dollar hakimi-mütləqdir və “Dünya valyutası” kimi dünya bazarlarının mütləq əksəriyyətinə nəzarət edir.
“Amerika demokratiyası”na gəlincə, bu, uzun məsələdir. Deməli, Xristofor Kolumb Amerikanı hardasa XV əsrin axırlarında açıb, ABŞ dövləti də XVIII əsrin əvvəllərindən başlayaraq formalaşıb. Amerika hardasa 250 il Avropanın müstəmləkəsi olaraq qalıb. Bu 250 ildə “Köhnə Dünya” (Avropa) dayanmadan “Yeni Dünya”dan (Amerika) qızıl-gümüş, qiymətli daşlar, xəz dəri idxal edib, əvəzində isə Yeni Dünyaya ucuz spirtli içki, ucuz silah və qatı quldurlar ixrac edib. Dostlar, siz alverin, gəlirin planetar miqyasını hiss edirsinizmi? Bəli, bəli, yüz minlərlə oğru və quldur (milliyyətindən asılı olmayaraq) bütün Avropadan yığılırdı və gəmi karvanları ilə Amerikaya sürgün edilirdi.
Bu zaman “Köhnə Dünya” iki mühüm vəzifəni pulsuz və əziyyətsiz həyata keçirirdi. Əvvəla, “Yeni Dünya”nın bütün ərazisində məskunlaşma sürətlə gedirdi. Sonra “Köhnə Dünya”dan gələn oğru və quldurlar “Yeni Dünya”nın aborigenlərini – Amerika hindularını görünməmiş bir vəhşiliklə məhv edirdilər. Əslində, adam öldürmək onların işi idi, bunu “Yeni Dünya”da qorxusuz, cəzasız, hətta mükafatla həyata keçirirdilər. Bunlar dəhşətli adamlar idilər, qanun-qayda, vicdan, insaf bilmirdilər. Bir nəfər xoşagəlməz hərəkət edən kimi 3-4 nəfər yığışıb mühakimə edir, səsə qoyurdular. Səs çoxluğu olarsa bədbəxti güllələyir, ya da yaxınlıqdakı ağacdan asırdılar. Çoxluğun bu tiranlığı “Linç məhkəməsi” adlanırdı və hazırkı “Amerika demokratiyası”nın babası sayılırdı. İki nəfərin mübahisəsində isə “Linç məhkəməsi”nə ehtiyac qalmırdı, kim revolveri cəld çıxarırsa, həyatı da o, udurdu. Dostlar, siz belə kadrları yəqin ki, ABŞ-ın “Vestern” filmlərində görmüsüz.
“Yeni Dünya”da kofe, tütün və pambıq plantasiyalarını genişləndirmək lazım gəlirdi, “Köhnə Dünya”nın tələbatı böyük idi. İşçi qüvvəsi və münbit torpaq əraziləri çatışmırdı. Ucuz işçi qüvvəsini “Köhnə Dünya” təmin edirdi, ildə Afrikadan on minlərlə zənci-qul “Yeni Dünya”ya ixrac edilirdi. Torpaq ərazisi məsələsini isə “Köhnə Dünya”dan gələn quldurlar həll edirdi, onlar aborigenləri sürətlə, hətta “Linç məhkəmələri” keçirmədən məhv edirdilər. Doğrudur, Amerika hinduları da öz qəddarlıqları ilə ad çıxarmışdılar, amma “Köhnə Dünya” quldurlarının tozuna da çatmazdılar. Bunlar gözlərini də qırpmadan, qadına, uşağa, qocaya baxmadan bütöv qəbilələri, kəndləri qırırdılar, diri-diri tonqalda yandırırdılar. Qatillərə “Köhnə Dünya” da dəstək verirdi, ”Yeni Dünya”ya ildə on min tonlarla keyfiyyətsiz viski gətirilirdi. Deyilənə görə, “Yeni Dünya”da aborigenlərin məhv edilməsində keyfiyyətsiz viskinin “xidməti” insafsız quldurların “xidməti”ndən az olmayıb. Belə ki, Amerika hinduları tünd içkilərə həddindən artıq meyillidirlər. Hazırlanma texnologiyalarını bilmədiklərindən (dövlət sirri kimi gizli saxlanılırdı) qızıl, gümüş, xəz dəri verib mütəmadi olaraq, keyfiyyətsiz viski alırdılar, faktiki olaraq öz qətliamlarına imza atırdılar.
Beləliklə, “Yeni Dünya”da genetik fondun məhv olmaq təhlükəsi real idi və “Köhnə Dünya” təcili hərəkətə keçdi. Demək olar ki, XVI və XVII əsrlər boyunca Avropanın bütün fahişəxanalarından, həbsxanalarından qadınlar zorla yığılır (kim öz xoşu ilə gedərdi?!), pulla təmin edilir və Amerikaya göndərilirdi. Orada onları qarşılayırdılar, yaşlarına və xarici görünüşlərinə görə işlə təmin edirdilər və yerləşdirirdilər. Dostlar, siz yəqin ki, Amerikanın “Vestern” filmlərində hər salonda, restoranda üç, beş gözəl qadın xidmətçinin, müğənninin oldğunu müşahidə etmisiz. Amma bir dəfə də özünüzdən Sabiranə sual etməmisiz: Dünyanın o başında nə gəzir bu gözəllər bu boyda, bu boyda?! Bəli, həmin gözəllər həmin fahişələr idi, “Yeni Dünya”nın quldurları da onları seçir, sevir və nikaha girirdilər. “Yeni Dünya”da yeni nəsil, yeni “Amerika milləti” belə yaranırdı. XVIII əsrdə Amerika Birləşmiş Ştatlarını qurub bütün aborigenləri qıranlar da, XX əsrdə Yaponiyaya atom bombası atıb bütöv bir şəhəri viran qoyanlar da, XXI əsrdə bütün dünyaya meydan oxuyan, Amerika demokratiyası yayanlar da bunlardır. Budur Amerika demokratiyasının mahiyyəti...
Qalib Arif