08 oktyabr 2024 17:53
388

Bizi heç kəs yolumuzdan döndərə bilməz

27 sentyabr 2020-ci il tarixində düşmənin növbəti təxribatını dəf etmək və təcavüzə son qoymaq üçün Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Silahlı Qüvvələri cəbhəboyu əks-hücuma keçərək uzun illər davam edən işğala 44 gün ərzində son qoydu. Dövlət-xalq birliyindən güc alan qəhrəman ordumuz işğalda olan torpaqlarımızı azad etməklə xalqımıza qürur yaşatdı, haqq-ədaləti bərpa etdi. Düşmən tapdağından ilk azad olunan şəhər Cəbrayıl oldu. Cəbrayılın oktyabrın 4-də şanlı ordumuzun nəzarəti altına keçməsi bizə çox böyük üstünlük qazandırdı. Daha sonra Hadruta və işğal altındakı digər rayonlara, qəsəbələrə yollarımız açıldı.

2023-cü il iyulun 31-də Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına əsasən, 4 Oktyabr – Cəbrayıl Şəhəri Günü kimi hər il təntənəli şəkildə qeyd olunur. Sərəncam Vətən müharibəsində qazanılmış tarixi Qələbəni əbədiləşdirmək məqsədi daşıyır.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın azadlığa qovuşmuş  müqəddəs torpaqlara ilk səfərləri də elə Cəbrayıl şəhərindən başladı. Dövlət başçısı Cəbrayıl şəhərində və Xudafərin körpüsündə üçrəngli Azərbaycan bayrağını qaldırdı. Füzuli və Cəbrayıla səfər edən dövlət başçısı Qələbənin zirvəsi sayılan Şuşaya yol çəkilişi ilə bağlı göstərişini də verdi.  Zəfər yolunun əsası elə bu səfərdə qoyuldu. Vətən müharibəsindən dərhal sonra cənab İlham Əliyevin tapşırıqlarına əsasən, işğaldan azad olunmuş hər bir rayonda bərpa və yenidənqurma işləri sürətlə həyata keçirilir. 

Prezident İlham Əliyev oktyabrın 4-də cəbrayıllı sakinlərlə görüşü zamanı çıxışında qeyd etdi ki, Cəbrayılın işğaldan azad olunmasının çox böyük əhəmiyyəti olmuşdur. Bu əməliyyat müharibənin sonrakı taleyinə müsbət təsir göstərdi, ordumuzda və xalqımızda ruh yüksəkliyini artırdı. Müzəffər ordumuzun şanlı Zəfər yürüşü bundan sonra daha da sürətlənmişdi. Ardıcıl olaraq Hadrut, Füzuli, Zəngilan, Qubadlı və nəhayət 8 noyabrda Şuşa işğaldan azad edilmişdir. Sonda Ermənistan 10 noyabrda kapitulyasiya aktına imza atmağa məcbur oldu.

Cəmi 4 ildə baş vermiş dəyişikliklər uğurlu və sistemli bərpa-quruculuq prosesinin nəticəsidir. “Cəbrayıl rayonunun inkişafı ilə bağlı çox önəmli gündür. Çünki bu gün artıq bir neçə obyektin təməli qoyuldu. Bu obyektlərin inşası zamanı və inşaatından sonra fəaliyyəti zamanı bir çox sosial-iqtisadi məsələlər, ilk növbədə, təhlükəsizliklə bağlı tədbirlər öz həllini tapacaq” – deyə dövlətimizin başçısı qeyd edib.

Dövlət başçısının Cəbrayıl şəhərində səsləndirdiyi fikirlər torpaqlarımızın işğaldan azad edilməsi prosesi ilə bağlı bütün önəmli məqamlara diqqət çəkməklə yanaşı, ölkəmizə qarşı uzun illərdən bəri aparılan böhtan və qarayaxma kampaniyalarının mahiyyətini bütün detalları ilə ifadə edir və dünyadakı mövcud mənzərəni göz önündə sərgiləyir.

Dövlət başçısı çıxışında Azərbaycan öz təhlükəsizliyini, ərazi bütövlüyünü qorumaq üçün lazım olan addımları atacağını, rəsmi İrəvanın 30 il ərzində Azərbaycan torpaqlarında törətdiyi cinayətlərə, vandalizm aktlarına görə beynəlxalq məhkəmə qarşısında cavab verməli və dəymiş ziyana görə kompensasiya ödəməli olduğunu vurğulamışdır.

Cənab İlham Əliyevin Cəbrayılda verdiyi mesaj Ermənistanı ciddi düşündürməlidir. Heç bir sanksiya, təzyiq, hədə-qorxu bizi yolumuzdan döndərə bilməz. Biz ölkəmizdə və bölgəmizdə sülh və əmin-amanlığın olması üçün əlimizdən gələni edəcəyik. Bizim siyasətimizin hədəfi Azərbaycan vətəndaşının təhlükəsizliyini təmin etmək, sosial rifahını yüksəltməkdən ibarətdir. Qarabağ və Şərqi Zəgəzurda tikinti-quruculuq işləri bundan sonra daha da sürətlə aparılacaq. Biz ermənilərin viran qoyduğu o torpaqları gülüstana çevirməklə məşğuluq. Qoy Ermənistan və onun arxasında duran qüvvələr 2020-ci ilə qədər olan Qarabağla, həmin tarixdən sonrakı Qarabağı müqayisə etsinlər. Bu müqayisə Azərbaycan və Ermənistanın mahiyyətini, niyyətini də ortaya qoyur.

Rövlan Heydərov,

YAP Naftalan şəhər təşkilatının sədri